Avropa Birliyi (AB) Komissiyasının sədri Ursula fon der Leyen ABŞ ilə tariflər mövzusunda bir anlaşma etməyə hazır olduqlarını bildirib.

Von der Leyen, Danimarkanın Avropa İttifaqı (AB) Şurasına sədrliyi təhvil alması münasibətilə təşkil olunan proqram çərçivəsində mətbuata açıqlamalar verib.
AB ilə ABŞ arasında tariflər mövzusunda danışıqların davam etdiyini xatırladan von der Leyen, bu gün AB Komissiyasının Ticarətdən Məsul üzvü Maros Şefçoviçin Vaşinqtonda görüşlər keçirdiyini bildirib.
Von der Leyen deyib: “Bir anlaşmaya hazır olduğumuzu vurğulamaq istəyirəm. Biz danışıqlar yolu ilə əldə olunmuş bir həll istəyirik. Eyni zamanda, qənaətbəxş bir razılaşmanın əldə olunmaması ehtimalına da hazırlıq görürük”.
Von der Leyen əlavə edib ki, AB ölkələri ABŞ-yə qarşı balanslaşdırıcı tədbirlərlə bağlı siyahı üzərində də məsləhətləşmələr aparırlar və “Avropanın maraqlarını qoruyacağıq. Bunun üçün lazım olan bütün vasitələr masadadır” – deyə bildirib.
O, tariflərlə bağlı ABŞ ilə aparılan danışıqları uğurla başa çatdırmaq üçün 9 iyul tarixini hədəf seçdiklərini deyib və fikrini belə davam etdirib: “Bu, çox böyük bir vəzifədir. AB ilə ABŞ arasında 1,5 trilyon avroluq, dünyada ən böyük ticarət həcmi mövcuddur. Əslində, bizim əsas hədəfimiz prinsipial bir razılaşmaya nail olmaqdır. Çünki 90 gün ərzində bu qədər böyük ticarət həcmini əhatə edən ətraflı bir sazişin bağlanması mümkün deyil”.
Mənbə: TRT XƏBƏR
Tərcümə etdi: Səmayə Səftərova
