Bu gün:

Dələduz: "əfsanəvi" Eyüplü Halit


Türk sosial tarixində iz qoyan ən maraqlı fiqurlardan biri Eyüplü Halit klassik dələduz obrazından fərqlənirdi. Onu digərlərindən fərqləndirən əsas cəhət isə fırıldaq planlarının heyrətamiz dərəcədə dəqiq və incə detallara əsaslanması idi. Galata Qalasını satması, saxta polis bölmələri qurması, hətta İtaliyanın diktatoru Benito Mussolini-ni belə aldatması bütün bunlar mif deyil, tarixi faktlara əsaslanan gerçək hadisələrdir. Maraqlısı odur ki, Halit savadsız olsa da, İstanbul kimi nəhəng bir şəhərdə öz planlarını bacarıqla həyata keçirə bilib.

Eyüplü Halitin həyatının dönüş nöqtələrindən biri Sultanahmet həbsxanasında baş verdi. Burada o italyan bir seyf oğrusu ilə eyni kamerada qalmağa başladı. İtalyan dilini bilməyən məhbus çarəsiz idi, lakin Halit qısa müddət ərzində ona təsir etməyi bacardı. Fransız və rum dillərində danışaraq onun etibarını qazandı və nəticədə həmin italyan məhkumu Mussolini-yə duyğusal məzmunlu bir məktub yazmağa inandırdı.

Həmin məktubda Halit guya Mussoliniyə dərin rəğbət bəslədiyini, İtaliyanı dəstəklədiyinə görə həbs edildiyini və ailəsinin aclıq içində yaşadığını bildirib. Bu hadisə tezliklə böyüyərək siyasi diqqət çəkdi. İtaliyanın İstanbuldakı baş konsulu şəxsən Sultanahmet həbsxanasına gəldi və Mussolini tərəfindən göndərilən pul dolu zərfi Halitə təqdim etdi. Həbsxanada hər kəs təəccüb içində idi. Diplomatik dairələrdən tutmuş təhlükəsizlik orqanlarına qədər hər kəs bu hadisənin necə baş verdiyini anlamağa çalışsa da, artıq gec idi. Beləliklə, Mussolini də Eyüplü Halitin qurduğu bu oyunların qurbanına çevrildi.

Həmin dövrdə tez-tez geyim tərzini dəyişən və şəhərdə "İstanbul bəyi" obrazında dolaşan Halit xüsusilə əcnəbilərə İstanbulun tarixi abidələrini satmaqda mahir idi. Rəsmi təhsili olmasa da, güclü müşahidə qabiliyyəti və dil bilikləri ilə çevrəsinə uyğunlaşa bilən istedadlı bir manipulyator idi.

Galata Qalası, Dolmabağça Saat Qülləsi kimi memarlıq abidələrini xarici vətəndaşlara satması ilə bağlı rəvayətlər zamanla başqa şəxslərlə əlaqələndirilsə də, bu fırıldaqların arxasında əslində Eyüplü Halitin dayandığı sonradan məlum oldu. O bu işləri yalnız dil biliyi və etibar qazanmaqla deyil, eyni zamanda uyğun zaman və doğru hədəf seçimi ilə ustalıqla həyata keçirirdi.

Eyüplü Halitin ən çox xatırlanan dələduzluq üsullarından biri isə evlilik vədi ilə qadınları aldatmaq idi. Onlarla qadını özünə aşiq etməklə pullarını ələ keçirir, daha sonra isə izini itirirdi. Bəzən zabit formasında onlara yaxınlaşır, bəzən isə qanunsuz işlərlə təhdid edərək psixoloji təzyiq göstərirdi. Haqqında açılan bir çox cinayət işi mətbuatda geniş yer alsa da, Halit hər dəfə bir yolla məsuliyyətdən yayınmağı bacarırdı.

Lakin bir gün fırıldaq etdiyi qadınlardan biri Arnavut əsilli bir ailənin qızı çıxır. Qızın qardaşı isə peşəkar polis idi və bu məsələni şəxsi qisas məsələsinə çevirdi. Nəticədə Halitin kamerası dəyişdirildi və o, Arnavut məhbuslarla eyni kamerada yerləşdirildi. Həmin gecə Halit həyatını itirdi, bu onun son gecəsi oldu.

Eyüplü Halit arxasında yalnız İstanbulun simvollarını deyil, Mussolini kimi bir dünya liderini belə aldadan, inanılmaz dolandırıcılıq əfsanələri ilə dolu bir həyat hekayəsi buraxdı.

Mənbə: Onedio

Tərcümə etdi: Xavər Məmmədli

Paylaş
Şərh əlavə et