Bu gün:

Avropa İttifaqı karbon kreditlərini iqlim hədəflərinə daxil etməyi planlaşdırır


Avropa İttifaqı (Aİ) üzv ölkələrinin inkişaf etməkdə olan ölkələrdən alınan karbon kreditlərini öz iqlim hədəflərinə daxil etməsinə icazə verə bilər. Bu barədə Aİ-nin iqlim komissarı Vopke Hoekstra məlumat verib.

Çərşənbə günü Aİ 1990-cı illə müqayisədə karbon emissiyalarının 90% azaldılması hədəfi ilə bağlı qərar verəcək. Bu hədəf 2050-ci ilə qədər “xalis sıfır emissiya” məqsədi ilə uzlaşdırılmış şəkildə, Paris Sazişi çərçivəsində 2035-ci ilə qədər təqdim olunacaq “milli töhfə” (NDC) kimi də formalaşdırılmalıdır.

Təklifə görə, Aİ ölkələri daxildə həyata keçirməli olduqları tədbirlərin bir qismini xaricdən alınan karbon ofsetləri ilə əvəz edə bilərlər. Lakin bu məsələ ətraf mühit qrupları tərəfindən kəskin etirazla qarşılanıb. 130-dan çox yaşıl təşkilat bu planlara qarşı çıxaraq Aİ-ni hədəflərinə yalnız daxildə çatmağa çağırıb.

Enerji və İqlim Zəkası Bölməsinin beynəlxalq rəhbəri Qaret Redmond-Kinq bildirib: “Aİ kimi böyük çirkləndirici bu kreditlərə ehtiyac duymamalıdır. Əgər bu qədər böyük bir aktor maksimal emissiya azaldılması etmirsə, bu, qlobal səyləri zəiflədir”.

Hoekstra isə bildirir ki, inkişaf etməkdə olan ölkələr Aİ maliyyəsini karbon layihələri ilə cəlb etmək istəyir. Bu layihələrə ağacəkmə və meşələrin bərpası daxildir: “Planet havadan karbonun harada çıxarıldığına deyil, çıxarılmasına diqqət yetirir. Əgər bu tədbirlər əlavə tədbir kimi həyata keçirilərsə, bu, faydalıdır”.

O, layihələrin etibarlı şəkildə sertifikatlaşdırılmasının vacibliyini vurğulayıb: “Bütün məsələ sistemin dürüstlüyündədir. Sertifikatlaşdırma və təsdiqləmə mütləqdir. Amma bəşəriyyət daha çətin məsələləri də həll edib”.

Bəzi ölkələr, xüsusilə Fransa 2040-cı il üçün hədəfin müəyyən olunmadan NDC-nin təqdim edilməsini istəyir. Bu isə Aİ-də daha az iddialı bir hədəfin sonradan müəyyən olunmasına şərait yarada bilər.

Hoekstra bu təklifi rədd edərək bildirib: “Biz çərşənbə günü 2040 hədəfimizi açıqlayacağıq və oradan güclü NDC çıxacaq. Sentyabrda dəqiq rəqəmi təqdim edəcəyik”.

Çin və ABŞ faktorları da gündəmdədir. Hoekstra Çini yeni kömür elektrik stansiyaları tikmək planlarına görə tənqid edərək bildirib: “Bu, Cop28-də razılaşdırılan fosil yanacaqlardan uzaqlaşma qərarına ziddir. Yeni stansiyalar tikmək çox pis fikirdir”.

Hazırda Cop30 iqlim sammitinə qədər ölkələr öz NDC-lərini təqdim etməlidir. Lakin hələ ki, bir çox ölkələr bu addımı atmayıb. Xüsusilə Çin və ABŞ-nin rolu mühüm hesab olunur.

Hoekstra bildirib ki, Cop30 zamanı yalnız öhdəliklər deyil, bu öhdəliklərin 1.5°C temperatur həddinə çatmada nə qədər effektiv olduğu da müzakirə olunmalıdır.

“Bu qədər vacib məsələni müzakirəsiz buraxmaq olmaz. NDC-lərin real təsiri və növbəti addımlar barədə açıq danışmaq lazımdır".

Mənbə: The Guardian

Tərcümə etdi: Rəna Qarayeva

Paylaş
Şərh əlavə et