24media.az-ın növbəti müsahibi HR mütəxəssisi Nigar Təmrazovadır. O, iş tapmaqda çətinlik çəkən yeni məzunlarımız haqqında danışıb.

-Əksər şirkətlər işçi axtararkən minimum 1-2 il iş təcrübəsi tələb edir, amma belə bir sual yaranır: "Bu təcrübə yalnız maaşlı iş yeri deməkdirmi?"
Bugünkü gənclər artıq tələbəlik dövründən başlayaraq müxtəlif sahələrdə könüllü fəaliyyətlərə qoşulur, sosial layihələrdə çalışır, onlayn kurslar keçir və real bacarıqlar əldə edirlər. Könüllülük fəaliyyəti bir çox gənc üçün ilk iş məktəbidir. Burada onlar komandada işləməyi, vaxtın idarə olunmasını, layihə rəhbərliyini, ictimaiyyətlə ünsiyyəti, problem həll etmə bacarıqlarını inkişaf etdirirlər. Bunlar hər bir iş yerində tələb olunan universal bacarıqlardır. Təəssüf ki, bəzi işəgötürənlər bu cür fəaliyyətləri ciddi qəbul etmirlər. Halbuki könüllü çalışan bir gənc çox vaxt ödənişli işləyən şəxsdən daha motivasiyalı və məsuliyyətlidir. Çünki o, maddi maraq yox, şəxsi inkişaf və sosial fayda üçün bu yolu seçib.
Bir çox işəgötürənlər “hazır kadr” – həm təcrübəli, həm bacarıqlı, həm də az maaşa razı biri istəyirlər. Bu yanaşma nə real, nə də davamlıdır. Şirkətlər öz sektorları üçün gənc potensiallı şəxsləri formalaşdırmalı, təcrübəsiz, amma motivasiyalı gənclərə təcrübə proqramları, mentorluq və təlim imkanları təqdim etməlidir.
Əslində, təcrübəsiz biri ilə işləmək həm də işəgötürən üçün fürsətdir ki, onu istədiyi kimi formalaşdıra bilər. Bu, uzunmüddətli sadiq əməkdaşlar qazanmağın açarıdır.
Gənclərə isə əsas tövsiyyəm budur ki, əgər sizə “təcrübən yoxdur” deyirlərsə, təslim olmayın. Təcrübəni yalnız kiminsə sizə verdiyi işdə yox, özünüzün yaratdığınız fürsətlərlə də qazana bilərsiniz. Könüllülük edin, layihələrə qoşulun, sertifikat proqramları keçin, freelance işlərlə bacarıqlarınızı göstərin, sosial mediada şəxsi brendinizi yaradın.
Ən əsası isə özünüzü təcrübəsiz kimi görməyin. Sizin öyrəndikləriniz, etdikləriniz və qatıldığınız hər bir fəaliyyət təcrübədir. Sadəcə bunu düzgün ifadə etməyi və CV-də doğru şəkildə təqdim etməyi öyrənin.
Gülçin Abdullayeva
