İran hakimiyyəti İsrailin kəşfiyyat orqanları ilə əlaqədə şübhəli bilinən şəxslərə qarşı genişmiqyaslı həbslər və edamlar həyata keçirib. Bu addımlar İranla İsrail arasında baş vermiş son müharibədən sonra atılıb.
Rəsmi mənbələrə görə, İsrail agentləri İranın təhlükəsizlik xidmətlərinə “misilsiz” şəkildə sızıb və bu, SEPAH-ın (İslam İnqilabı Keşikçiləri Korpusu) yüksək rütbəli komandirləri və nüvə alimlərinin hədəf alınaraq öldürülməsində rol oynayıb. İran bu qətlləri Mossadın ölkə daxilindəki əməliyyatları ilə əlaqələndirir.
İran rəsmiləri milli təhlükəsizlik məqsədilə xarici kəşfiyyatla əlaqədə şübhəli bilinən şəxsləri hədəfə aldıqlarını bildirirlər. Lakin hüquq müdafiəçiləri bu tədbirlərin narazı və tənqidi səsləri susdurmaq məqsədi daşıdığını deyirlər.
Müharibə zamanı və atəşkəsdən dərhal sonra ümumilikdə 6 nəfər İsrailə casusluq ittihamı ilə edam olunub. Bundan əlavə, 700-dən çox şübhəli şəxs saxlanılıb, dövlət televiziyası isə bəzi saxlanılanların guya etiraflarını yayımlayıb.
Hüquq müdafiə təşkilatları məhkəmə proseslərinin qeyri-ədalətli və etirafların məcburi ola biləcəyi ilə bağlı narahatlıqlar bildirirlər. Eyni zamanda, xaricdə fəaliyyət göstərən farsdilli media qurumlarına, o cümlədən BBC Persian və “İran İnternational” telekanalına təzyiqlər artıb.
Məsələn, “İran International”a çalışan bir jurnalistin ailəsi SEPAH tərəfindən saxlanılıb və ona işdən çıxması üçün təzyiq göstərilib.
İranın Kəşfiyyat Nazirliyi CIA, Mossad və MI6 kimi qərb kəşfiyyat xidmətlərinə qarşı “amansız mübarizə” apardıqlarını açıqlayıb.
Mənbə: BBC News
Tərcümə etdi: Ayxan Cəfərov
