İnsan həyatını sıfırdan təkrarlayan blokların istehsalı üçün uzun müddətdir mübahisəli olan elmi layihə həyata keçirilir.

İnsan DNT-sini istehsal etməyi hədəfləyən bu layihə dünyada bir ilkdir. İndiyə qədər tədqiqat tabu olaraq qalıb, çünki bu, nəzərdə tutulan körpələrdə və gələcək nəsillərdə gözlənilməz dəyişikliklərə səbəb ola bilər.
Bununla belə, bu gün dünyanın ən böyük tibbi xeyriyyə təşkilatı olan Wellcome Trust layihənin başlanması üçün lazım olan 10 milyon funt-sterlinqi təmin edib.
Təşkilat, müalicə olunmayan bir çox xəstəliyə çarə tapacağına ümid etdiyi layihənin zərərdən çox fayda verəcəyini bildirir.
Layihənin bir hissəsi olan Kembricdəki MRC Molekulyar Biologiya Laboratoriyasından Dr Julian Sale tədqiqatın biologiyada irəliyə doğru böyük bir sıçrayış olduğunu söyləyib:
“Heç bir məhdudiyyət yoxdur. Biz insanların yaşlandıqca həyatını yaxşılaşdıracaq, daha az sağlamlıq problemi ilə daha sağlam qocalmağa aparan müalicələrə baxırıq. Biz bu yanaşmadan xəstəliklərə davamlı hüceyrələr yaratmaq, qaraciyər və ürək kimi zədələnmiş orqanları, hətta immunitet sistemini bərpa etmək üçün istifadə edəcəyik”.
Lakin tədqiqatın tənqidçiləri var. Onlar qorxurlar ki, bu, dəyişdirilmiş və ya süni şəkildə təkmilləşdirilmiş insanlar yaratmağa çalışan qeyri-etik tədqiqatçılara yol aça bilər.
Mənbə:BBC News
Tərcümə etdi:Aysel Mirzəyeva
