Bu gün:

"Bunkeri deşən bombalarla belə vurmaq mümkün deyil"


ABŞ-nin İranın nüvə obyektlərini bombalamasından sonra dünya bir sual üzərində köklənib: İran 400 kiloqram zənginləşdirilmiş uranı hara aparıb? Britaniyanın aparıcı “The Telegraph” qəzetinin manşetlərində yer alan Kazma dağı obyekti bu sualın cavabı ola bilər.

ABŞ prezidenti Donald Trampın məhv edildiyini iddia etdiyi İranın nüvə obyektlərindəki uranın müəyyən hissəsinin ABŞ-nin hücumundan əvvəl başqa bir nöqtəyə daşındığı iddia edilir. Britaniyanın “The Telegraph” qəzeti öz manşetində İranın bizim çox eşitmədiyimiz “nüvə qalası” Kazma dağına yer verib.

Hesabatda 30 il İsrailin hərbi təşkilatında müxtəlif vəzifələrdə çalışmış və İranın nüvə proqramı üzrə eksperti olan Sima Şinenin də fikirləri yer alıb. ABŞ-nın hücumundan əvvəl Fordonun girişində 16 yük maşınının toplandığını və zənginləşdirilmiş uranı başqa bir nöqtəyə daşıdığını bildirən Shine, "Tehranın gizli obyektlərində nüvə bombası üçün lazım olan silah dərəcəli uranı istehsal edə bilən yüzlərlə, bəlkə də minlərlə qabaqcıl sentrifuqa var",- dedi.

Qəzetin yazdığına görə, Kazma dağı bu uranı saxlamaq üçün ən uyğun yer ola bilər. Kazma dağı İsfahanın mərkəzində, Fordodan 145 kilometr cənubda və Natanzdan bir neçə dəqiqəlik məsafədə yerləşir. Hesabatda o da vurğulanıb ki, tikintisi hələ də davam edən bu obyekt son 4 ildə gücləndirilib və sakit şəkildə genişləndirilib.

MAQATE-nin baş direktoru Grossi keçən aprel ayında Kazma Dağı ilə bağlı verdiyi açıqlamada, “Biz onlardan “Bura nə üçündür?” deyə soruşuruq. Buranın proqramla bağlı bir çox mühüm tədbirlərin həyata keçirildiyi yer olduğu aydın olduğundan, “bu, sizin işiniz deyil” deyirlər". Qrossi əlavə edib ki, Kazma Dağı tunellərində MAQATE-yə bəyan olunmayan materialların saxlanılması “istisna edilə bilməz”.

Peyk görüntülərinə görə, Fordoda iki tunel girişi olduğu halda, Kazma dağında ikisi şərqdə və ikisi qərbdə ən azı dörd giriş var. Fordonun yerin 60-90 metr altında olduğu bilindiyi halda, Kazma dağındakı obyektin dərinliyinin 100 metrdən çox olduğu təxmin edilir.

Mənbə: Cnn türk

Tərcümə etdi: Çimnaz Həmzəliyeva

Paylaş
Şərh əlavə et