İsrailin İranın cənub-qərbində yerləşən Buşehr şəhərinə yeni hava hücumu təşkil etdiyi bildirilib. Nüvə elektrik stansiyasının yerləşdiyi şəhərdə güclü partlayış səsləri eşidilib. Eyni zamanda İranın mərkəzindəki Yəzd şəhərində İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) məxsus iki hərbi obyektin hədəfə alındığı açıqlanıb.
İrana yaxın media qurumları Buşehrdə şiddətli partlayışların baş verdiyini xəbər veriblər. Fars Xəbər Agentliyi şəhərdə iki fərqli nöqtənin hədəfə alındığını bildirsə də, nüvə stansiyasının vurulub-vurulmadığı barədə məlumat verilməyib.
Buşehr, hazırda İranın fəaliyyət göstərən yeganə nüvə elektrik stansiyasına ev sahibliyi edir. Şəhər Bəsrə körfəzi sahilində yerləşir və ətrafdakı bir çox Fars körfəzi ölkələrinin paytaxtlarına yaxın məsafədədir.
Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) baş direktoru Rafael Qrossi ötən həftə verdiyi açıqlamada, Buşehr nüvə stansiyasına birbaşa hücumun yüzlərlə kilometr ərazidə “çox yüksək səviyyəli radioaktiv yayılmaya” səbəb ola biləcəyi barədə xəbərdarlıq etmişdi.
Digər tərəfdən, İranın mərkəzində yerləşən Yəzd şəhərində İsrailin iki hərbi obyekti hədəf aldığı bildirilib. Dövlətə bağlı Mehr Xəbər Agentliyinin məlumatına görə, hücumlar İran İslam İnqilabı Keşikçiləri Korpusuna (IRGC) məxsus obyektləri əhatə edib.
Son bir həftə ərzində həm ABŞ, həm də İsrail tərəfindən İranın müxtəlif nüvə və hərbi obyektlərinə genişmiqyaslı hava hücumları həyata keçirilir.
Buşehr nüvə stansiyası haqqında qısa məlumat:
Buşehr Nüvə Elektrik Stansiyası İranın cənubunda, paytaxt Tehran şəhərindən təxminən 1200 km məsafədə, Buşehr şəhərinin 17 km cənub-şərqində – Haliyleh və Bandargeh balıqçı kəndləri arasında, Bəsrə körfəzi sahilində yerləşir.
Stansiyanın təməli 1975-ci ildə Alman şirkətləri tərəfindən qoyulub. Lakin 1979-cu ildə baş verən İran İslam İnqilabından sonra tikinti dayandırılıb. Daha sonra İran-İraq müharibəsi dövründə obyekt dəfələrlə bombalanıb və ciddi ziyan görüb.
1995-ci ildə İran ilə Rusiya Atom Enerjisi Nazirliyi arasında yeni müqavilə imzalanıb. Layihənin əsas podratçısı “Atomstroyexport” şirkəti olub. Lakin texniki və maliyyə çətinlikləri, eləcə də Qərbin siyasi təzyiqləri səbəbindən tikinti dəfələrlə dayandırılıb. 2007-ci ildə layihəyə əlavə maliyyə ayrılıb və həmin il nüvə yanacağının tədarükünə başlanılıb.
Stansiya 2011-ci ilin sentyabrında milli elektrik şəbəkəsinə enerji verməyə başlayıb. Açılış mərasimində Rusiya energetika naziri Sergey Şmatko və “Rosatom” şirkətinin rəhbəri Sergey Kiriyenko iştirak edib.
Buşehr, Yaxın Şərqdə sülhməqsədli ilk nüvə enerji stansiyası olaraq tarixə düşüb. Regiondakı digər ölkələrdə əvvəllər yalnız tədqiqat reaktorları mövcud olub (İraq: 2, İsrail: 2, Suriya: 1, İran: 3).
2013-cü ilin avqustunda “Rosatom” ilə İran arasında stansiyanın tam istismar hüququnun İrana verilməsi barədə razılıq əldə olunub. 23 sentyabr 2013-cü ildə tam nəzarət İran tərəfinə keçib.
Mənbə: Cümhuriyyet
Tərcümə etdi: Mina Yadigarlı
