Bu gün:

Dünyanın buzlu keçmişi


Yeni elmi araşdırma, Yer kürəsinin tamamilə buzla örtüldüyü qlobal buzlaşma dövründə həyatın necə sağ qala bildiyinə aydınlıq gətirib. Antarktidadakı əriyən buz gölməçələrində mikroorqanizmlərin aşkarlanması, ekstremal şəraitdə belə canlılığın mümkün olduğunu göstərir.Nature Communications jurnalında dərc olunan araşdırmaya görə, təxminən 635–720 milyon il əvvəl Yer səthindəki temperatur -50°C-yə qədər düşüb, planet buzla örtülüb. Alimlər hesab edirlər ki, həyat bu dövrdə dərin okeanlar və ya buz təbəqələrinin altı ilə yanaşı, kiçik əriyən gölməçələrdə də sığınacaq tapa bilib.

Yeni Zelandiyadan olan tədqiqatçılar Antarktikanın MakMurdo buz örtüyündə apardıqları araşdırma zamanı bir neçə metr enində olan gölməçələrin dibində mikrob qatları və siyanobakteriyalar aşkarlayıblar. Bu gölməçələrdə həmçinin yosunlar və mikroskopik heyvanlar kimi ökaryot izlərinə də rast gəlinib.

Tədqiqatın baş müəllifi Fatima Hüseyn bildirib ki, araşdırılan heç bir gölməçə bir-birinə bənzəmirdi. Bu da həmin mühitlərin müxtəlif həyat formalarını dəstəklədiyini göstərir.

Alimlər bu nəticələrin dünya xaricində həyat axtarışları üçün də önəmli olduğunu vurğulayırlar. Satürnün Enseladus və Yupiterin Europa peyklərindəki buzla örtülü mühitlərin bu cür sığınacaq funksiyası daşıya biləcəyi ehtimal olunur. Yer üzərindəki bu ekstremal gölməçələrin öyrənilməsi, gələcək kosmik missiyalar üçün mühüm istiqamət göstərə bilər. 

Mənbə: TRT haber

Tərcümə etdi: Mina Yadigarlı

Paylaş
Şərh əlavə et