Bu gün:

Tramp Kaliforniyanın Milli Qvardiyasına nəzarət edə bilər


ABŞ-nin federal apellyasiya məhkəməsi Prezident Donald Trampa Kaliforniyanın Milli Qvardiyasının minlərlə üzvü üzərində nəzarəti saxlamağa icazə verib.

ABŞ-nin 9-cu Dairə Apellyasiya Məhkəməsi Trampın xeyrinə qərar verərək ilkin məhkəmənin prezidentin təxminən 4,000 Kaliforniya qvardiyaçısı üzərində nəzarəti dayandırması ilə bağlı qərarını müvəqqəti olaraq ləğv edib. Tramp bu əsgərləri bu ayın əvvəlində immiqrasiya qanunlarının icrası ilə bağlı baş verən iğtişaşlar səbəbilə Los-Ancelesdə təhlükəsizliyi gücləndirmək üçün federal nəzarətə alıb.

Məhkəmə imzasız qərarında bildirib ki, “prezidentin müraciət etdiyi federal qanun əsasında səlahiyyətindən qanuni şəkildə istifadə etdiyi ehtimal olunur.” Beləliklə, Kaliforniyanın Demokrat qubernatoru Gavin Newsomun Trampın federal qanunu pozduğu iddiaları rədd edilib.

Qərarı verən hakimlər heyəti iki Tramp tərəfindən təyin olunan, bir isə keçmiş prezident Co Bayden tərəfindən təyin olunan hakimdən ibarət idi.

Ötən həftə ABŞ-nin Dairə Hakimi Çarlz Breyer Trampın qvardiyaçıların nəzarətini buraxmasını əmr etsə də, Breyer qərarında qeyd edib ki, prezident istifadə etdiyi qanunun bir neçə müddəasını, o cümlədən ştat qoşunlarını federal nəzarətə almaq üçün “qubernator vasitəsilə” rəsmi əmr verməyi tələb edən hissəni pozub.

Apellyasiya məhkəməsi Breyerin qərarını dərhal dayandırıb və bu həftənin cümə axşamı verdiyi yeni qərar bu dayandırmanı hüquqi proses davam etdiyi müddətə qədər uzadır. Kaliforniya isə bu məsələ ilə bağlı təcili şəkildə Ali Məhkəməyə müraciət edə bilər.

Mənbə: CNN

Tərcümə etdi: Rəna Qarayeva

Paylaş
Şərh əlavə et