Bir gün uşağınızın sadə və məsum bir fotosunu çəkirsiniz. Şəkil çap olunduqda isə arxasında kosmik geyimdə bir fiqur peyda olur. 1964-cü ildə baş verən məhz belə bir hadisədir. Cim Templeton qızının şəklini çəkərkən orada heç kimin olmadığını bildirib. Ancaq şəkilin içində “kosmik adam” kimi görünən bir fiqur kadra düşüb. Bu foto illər ərzində beynəlxalq fenomenə çevrilib və hələ də sirri açılmayıb.

23 may 1964-cü ildə Cim Templeton İngiltərənin Kambriya bölgəsində, Burgh Marsh ərazisində ailəsi ilə vaxt keçirirdi. Əlindəki SLR kamerayla qızı Elizabeth-in üç fərqli pozunu çəkir. Filmi laboratoriyaya verdikdə isə orta kadrdakı, qızının arxasında ağ geyimdə, başında kask taxıb kimi görünən bir fiqur aşkarlanır.
Templeton həmin anda orada yalnız olduqlarını və belə bir "fiquru" görmədiyini söyləyib. Fotoqrafiya tezliklə yerli mətbuatda yayılıb və 12 iyun 1964-cü ildə “Cumberland News” qəzetində “Solvey Kosmik Adamı” başlığı ilə manşet olub. Foto illər keçdikcə dünya miqyasında geniş müzakirə mövzusuna çevrilib.
Templeton şəkli Kodak-ın yeni çıxardığı Kodacolor filmi ilə çəkib. Film Kodak tərəfindən analiz edilib və hər hansı saxtakarlıq və ya montaj aşkar olunmayıb. Bəzi mütəxəssislər şəkildə görünən fiqurun Templeton-un həyat yoldaşı Anni olduğunu irəli sürübər. Həmin gün çəkilmiş digər şəkillərdə Anni-nin açıq mavi, qolsuz paltar geyindiyi görünürdü.
Fotoşəkildəki fiqurun ağ görünən hissələri Anni-nin paltarının günəş işığında parlaqlıq yaratması nəticəsində əmələ gələ biləcəyi fərziyyəsini irəli sürüblər. Üstəlik, Templeton-un istifadə etdiyi "Pentacon F" kamerası vizör vasitəsilə yalnız kadrın təxminən 70%-ni göstərdiyi üçün arxadakı şəxsi görməməsi ehtimalı yüksək idi.
Yazar və fotoqrafiya mütəxəssisi Ceyms A. Konrad bu sirrin həllinə çalışıb. Uzun illər davam edən araşdırmalara baxmayaraq, yekun nəticə əldə olunmadı. Konrad Templeton ailəsinin dürüst olduğuna inanırdı və şəkildəki fiqurun həmin vaxt açıq şəkildə orada olmadığını düşünürdü. Lakin internet forumlarında aparılan təhlillər fiqurun çox güman ki, Anni Templeton olduğunu və kameranın görmədiyi bölgədə qalaraq səhv qavrayışa səbəb olduğunu göstərib.
Beləliklə, texniki təsadüf illərlə davam edən bu sirrin əsasını təşkil edib. Cim Templeton 2011-ci ildə vəfat edənə qədər bu görüntünün nə olduğunu bilmədiyini bildirirdi. Bu da “Solvey Kosmik Adamı” fotosunu hələ də həll olunmayan sirlərin arasında saxlayır.
Mənbə: Onedio
Tərcümə etdi: Xavər Məmmədli
