ABŞ-ın Mayamidə yerləşən Milli Qasırğa Mərkəzinin verdiyi məlumata görə, güclü Erik qasırğası cümə axşamı səhər saatlarında Meksikanın qərbində yerləşən Oaxaca ştatında sahilə çatıb.
Qasırğanın maksimum davamlı küləklərinin sürəti saatda 205 kilometrə (125 mil) çatıb və şimal-qərb istiqamətində saatda 15 km sürətlə hərəkət edib. Erik qasırğası sahilə çatmamışdan əvvəl 4-cü kateqoriyadan bir qədər zəifləyərək 3-cü kateqoriyaya endirilib. Lakin 3-cü kateqoriya qasırğaları da çox təhlükəli sayılır, çünki küləkləri saatda 210 km-ə qədər çata bilər.
Qasırğa Akapulko və Puerto Eskondido kurort şəhərləri arasındakı az əhalisi olan sahil zolağından keçərək, Oaxaka və Querrero ştatlarının sərhədinə yaxın ərazidə torpağa dəyib. Bu ərazilər əsasən balıqçı kəndləri və kənd təsərrüfatı sahələri ilə əhatə olunub.
Milli Qasırğa Mərkəzi bildirir ki, Erik Meksikanın cənub dağlıq ərazilərində sürətlə zəifləyəcək və cümə axşamı gecə saatlarında və ya cümə səhəri tamamilə dağılacağı gözlənilir.
Qasırğa sahilə çatdığı anda güclü küləklər, ani sel riski və təhlükəli dalğalar yaradacağı proqnozlaşdırılırdı. Cümə axşamı səhəri Akapulko şəhəri qara buludlarla oyanıb.Buna baxmayaraq yağış baş vermir, əksinə güclü dalğalar görünüb.
Çərşənbə axşamı gecə saatlarında qasırğanın trayektoriyası cənuba yönələrək, Puerto Escondido şəhərinə daha da yaxınlaşıb.
Prezident Klaudia Şeinbaum çərşənbə axşamı gecə paylaşdığı videomüraciətdə bölgədə bütün fəaliyyətlərin dayandırıldığını bildirib və təhlükəli ərazilərdə yaşayanları evdə qalmağa və ya sığınacaqlara getməyə çağırıb.
Puerto Eskondidoda axşam saatlarında böyük dalğalar balıqçı qayıqlarını çimərlikdən sahilə itələyib, bəzi restoranların içinə qədər su dolub. Dükkanlar bağlanıb, küçələr boşalıb.
Günün əvvəlində balıqçılar qayıqlarını sahildən uzaqlaşdırıblar. Zicatela çimərliyində isə bəzi sörfçülər xəbərdarlıq bayraqlarına baxmayaraq dalğalarda sörf etməyə davam edirdilər.
Mənbə: CNN
Tərcümə etdi: Rəna Qarayeva
