Cümə axşamı Ukraynanın mərkəzində yerləşən Prıluki şəhərində Rusiya tərəfindən həyata keçirilən gecə dron hücumu zamanı yerli yanğınsöndürmə briqadasının rəhbəri hadisə yerinə çağırılıb. O və komandası oraya çatanda yaşayış binasına düşən dron zərbəsi nəticəsində 5 nəfərin həlak olduğunu, 9 nəfərin isə yaralandığına şahid olublar.

Həlak olanlar arasında onun həyat yoldaşı, qızı və bir yaşlı nəvəsi də var idi. Ukrayna Milli Polisi cümə axşamı yaydığı bəyanatda həlak olanlar arasında polis əməkdaşı Daryna Şıgıdanın da olduğunu açıqlayaraq belə yazıb:
“Üç nəsil bir anda məhv oldu... bu ağrını yüngülləşdirəcək heç bir söz yoxdur.”
Bəyanatda Şıgıdanın həm güclü, həm parlaq, həm də səmimi bir insan olduğu vurğulanıb:
“O, andına sadiq idi, ədalətli və vəzifəsinə dərindən bağlı idi – həmkarları və onu tanıyan hər kəs onu bu cür xatırlayacaq”.
Daryna Şıgyda 2020-ci ildə, 22 yaşında polis sıralarına qoşulub. Polisin bəyanatında deyilir:
“Polis olmaq onun həm arzusu, həm də həyatda tapdığı vəzifəsi idi. Atası – yanğınsöndürən – ona uşaqlıqdan insanlara kömək etməyi öyrətmişdi. Əri də patrul polisi idi və hər zaman onu dəstəkləyirdi. Bütün ailə bir yerdə idi... və bir anda yox oldu".
Mənbə: CNN
Tərcümə etdi: Rəna Qarayeva
