Bu gün:

Ukrayna şəhərlərinə kütləvi hücumlar artır


Son həftələrdə Rusiya hava hücumlarını xeyli artırıb – təkcə bir gecədə 479 pilotsuz uçuş aparatı və raket atıldığı məlum olub. Bu hücumlar təkcə sayca çox deyil, eyni zamanda, daha yüksək hündürlüklərdə və daha sıx şəkildə həyata keçirilir, bu isə onların vurulmasını çətinləşdirir.

CNN-in araşdırmalarına görə, Rusiyanın Ukraynaya qarşı apardığı müharibədə ən böyük 7 dron hücumunun hamısı son 4 həftədə baş verib.

Rusiyanın ən çox istifadə etdiyi İran mənşəli Şahed dronları artıq ölkə daxilində geniş miqyasda istehsal olunur. Hazırda hər ay təxminən 2700 Şahed, 2500 isə maket dron istehsal olunur. Maketlər real dronlara bənzədildiyi üçün Ukrayna onları ayırd edə bilmir. Nəticədə, ya vaxt itirirlər, ya da əhəmiyyətli resursları boşuna sərf edirlər – bu isə real dronların və raketlərin hədəfə çatmasına şərait yaradır. Yeni taktika, həm də Ukraynanın hava hücumundan müdafiə sistemlərini çökdürmək məqsədi daşıyır. Rusiya indi bir neçə şəhərə fokuslanaraq daha güclü psixoloji və fiziki təsir göstərir: bir gün Kiyev və Odessa, ertəsi gün Xarkov.

Son 4 həftədə azı 154 ukraynalı mülki şəxs – o cümlədən uşaqlar həyatını itirib, 900 nəfər isə yaralanıb. 

Kiyevdə ali məhkəmə hakimi olan Yuriy Çumak gecələr könüllü olaraq damlarda dronları vurmağa çalışır. O deyir ki, artıq dronlar 2-5 kilometr yüksəklikdə uçur və avtomat silahlarla vurmaq mümkün deyil – yalnız raketlərlə, onların da sayı azdır.

Prezident Zelenski bildirib ki, Ukrayna artıq hava tipli dronlarla qarşı hücumlar təşkil edir, amma Rusiya gündə 300-350 dron, Ukrayna isə yalnız 100 dron istehsal edə bilir. Bu fərq isə texnologiyadan yox, maliyyə imkanlarından qaynaqlanır.

Kiyev kimi şəhərlər nisbətən qorunur, lakin Sumı və Xerson kimi yerlər gündə 24 saat hücum altındadır. Müdafiə eksperti Oleksiy Melnyk deyir:

“Biz Kiyev hücumlarını danışırıq, amma o şəhərlər dayanmadan vurulur. Elə indi danışarkən hava həyəcanı səsləndi – raket gəlir, sığınacağa enməliyəm. Mənim demək istədiyim budur ki, bu, ukraynalıların gündəlik həyatına çevrilib”.

Mənbə: CNN

Tərcümə etdi: Rəna Qarayeva

Paylaş
Şərh əlavə et