İsrailin Xarici İşlər naziri Gideon Saar bildirib ki, “toqquşmaların dayandırılması ilə bağlı İranla heç bir danışıqlar aparılmır” və Təl-Əviv hücumlarını davam etdirəcək.
Yerli KİV-lərin yaydığı məlumata görə, Saar İsraildəki bəzi xarici ölkələrin səfirlərinə İranın cavab zərbələri nəticəsində vurulan Bat Yam şəhərində məlumat verib.
İsrailin İrana qarşı hücumlarına toxunan Saar, İsrail xalqının “böyük bir hissəsinin” bu hücumları dəstəklədiyini deyib.
O, İrana qarşı hücumların davam edəcəyini vurğulayaraq belə deyib: “Bilməyinizi istəyirəm ki, heç bir danışıqlar aparılmır və hədəflərimizə çatana qədər əməliyyat davam edəcək.”
İsrailin İrana qarşı şiddətli hücumları ilə başlayan toqquşmalar
İsrail 13 iyun tarixində İranın müxtəlif şəhərlərində yerləşən, xüsusilə də nüvə obyektləri və ordu rəhbərliyini hədəf alan genişmiqyaslı hücumlar həyata keçirib.
Hücumlar nəticəsində İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, İnqilab Keşikçiləri Korpusunun Baş Komandanı, bəzi yüksək rütbəli zabitlər və 9 nüvə alimi həyatını itirib. Ümumilikdə, ölkədə 224 mülki şəxsin də həyatını itirdiyi bildirilib.
İran ordusunun İsrailə qarşı ballistik raketlərlə həyata keçirdiyi cavab zərbəsində isə 24 nəfərin öldüyü, 500-dən çox insanın yaralandığı açıqlanıb.
Mənbə: TRT haber
Tərcümə etdi: Mina Yadigarlı
