Keniyanın paytaxtı Nayrobidə etirazçılarla hökumətyönlü olduqları güman edilən dəyənəkli şəxslər arasında qarşıdurma baş verib.
Aksiya 10 gün əvvəl polis nəzarətində vəfat edən bloqer və müəllim Albert Ocvanqın ölümü ilə bağlı təşkil olunub. Etirazçılar məsul polis zabitinin işdən çıxarılmasını tələb edirlər.

Əvvəlcə polis Ocvanqın özünə xəsarət yetirərək öldüyünü bildirib. Lakin məhkəmə-tibbi ekspertizası onun döyülərək öldüyünü üzə çıxardıqdan sonra bu açıqlama ləğv olunub və iki polis əməkdaşı saxlanılıb.
Etirazlar, eyni zamanda, gələn həftə parlament binasının zəbt olunmasının birinci ildönümündən əvvəlki gərgin atmosfer fonunda keçirilir.
Çərşənbə axşamı səhər paytaxtın mərkəzində motosikletlə hərəkət edən dəyənəkli şəxslər və qamçı daşıyan gənclər etirazçılara hücum ediblər.
Yayılan videolarda bu şəxslərin — yerli mediada onlara “təxribatçılar” deyilir — polis qüvvələri ilə yan-yana hərəkət etdiyi, polisin isə etiraz aksiyasını dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə etdiyi görünür.
Polis bu şəxslərlə əlaqəsini inkar edərək bildirib: “Bugünkü etirazlar zamanı əllərində təhlükəli əşyalar olan təxribatçı bir qrup qeydə alınıb. Polis xidməti bu cür qanunsuz qruplaşmaları qəbul etmir və dəstəkləmir".
Mənbə: BBC news
Tərcümə etdi: Gülçin Abdullayeva
