Peru hökuməti yüksək təhlükəli hesab edilən xarici məhbusların El Salvadora, xüsusilə də CECOT adlı xüsusi həbsxanaya göndərilməsi imkanını nəzərdən keçirir.
CECOT — Centro de Confinamiento del Terrorismo adlanan El Salvadorda yerləşən terroçular üçün həbs mərkəzidir. Həmin müəssisə sərt rejimi və ağır şəraiti ilə tanınır və bu səbəbdən beynəlxalq insan hüquqları təşkilatlarının kəskin tənqidinə məruz qalıb.
Perunun Baş naziri Eduardo Arana cümə axşamı parlamentdə çıxışı zamanı xarici məhbusların CECOT-a göndərilməsi ilə bağlı fikir səsləndirib. Baş nazir hələlik El Salvadorla bu məsələ üzrə mümkün razılaşmanın detalları barədə açıqlama verməyib. Qeyd edək ki, ABŞ artıq Venesueladan olan və bandit qruplaşmaları ilə əlaqədə ittiham olunan miqrantların El Salvadora göndərilməsi üçün bu ölkəyə maliyyə ödəyir.
"Hökumət yüksək təhlükəli xarici məhbusların mənşə ölkələrinə, o cümlədən El Salvadordakı CECOT kimi ixtisaslaşmış mərkəzlərə köçürülməsi üçün ikitərəfli əməkdaşlıq mexanizmlərini qiymətləndirir”, -deyə Arana konqresdə bildirib.
Onun sözlərinə görə, bu prosesin yalnız El Salvadorlu məhbusları əhatə edib-etməyəcəyi və ya digər millətlərə də şamil olunacağı hələlik bəlli deyil. Baş nazirin ofisi bu barədə əlavə şərh verməkdən imtina edib.
Son aylarda ölkə boyu, o cümlədən Lima şəhərində fövqəladə vəziyyət rejimi tətbiq edilib. May ayında ölkənin şimalındakı Pataz bölgəsində qeyri-qanuni qızıl mədənçiləri 13 mədən işçisini oğurlayaraq qətlə yetiriblər.
Arana həmçinin əlavə edib ki, Peru həbsxanaların sıxlığı və son cinayət dalğası ilə mübarizə aparmaq üçün yeni həbsxanaların tikintisinə dair beynəlxalq inkişaf banklarından maliyyə vəsaiti axtarır.
Mənbə: CNN
Tərcümə etdi: Rəna Qarayeva
