Bu gün:

Los Ancelesdə miqrasiya reydlərinə qarşı etirazlar güclənir


Los Anceles şəhərində ABŞ Miqrasiya və Gömrük Mühafizəsi (ICE) əməkdaşlarının keçirdiyi reydlərə qarşı geniş etirazlar başlayıb. Etirazçılar Latın amerikalıların sıx yaşadığı ərazilərdə aparılan əməliyyatlara qarşı narazılıqlarını bildiriblər.

BBC News-un verdiyi məlumata görə, etirazçılar ABŞ-ın İmmiqrasiya və Gömrük İdarəsinin (ICE) əməkdaşlarını insanları səbəbsiz yerə saxlamada günahlandıraraq “Biz etiraz edirik, çünki onlar bizim insanlarımızı aparırlar” şüarını səsləndiriblər. Etirazçılardan biri isə “Onlar bizi tamamilə aradan qaldırmaq istəyirlər” deyə bildirib.

Reydlərin intensivləşməsi sabiq prezident Donald Trampın Ağ Evə qayıtdıqdan sonra qeyri-qanuni miqrasiyaya qarşı ciddi tədbirlər görəcəyini bəyan etməsindən sonra baş verib. Bildirilir ki, ICE əməkdaşları şəhərin müxtəlif hissələrində əsasən Latın mənşəli insanların yaşadığı məhəllələrdə reydlər keçiriblər.

Etiraz aksiyaları əsasən Los Ancelesin müxtəlif hissələrində kiçik qruplar halında həyata keçirilir. Lakin bəzi məlumatlara görə, bu etirazlar digər ABŞ şəhərlərinə də yayılmağa başlayıb.

Hazırda yerli hakimiyyət orqanları vəziyyəti nəzarətdə saxlamağa çalışır, lakin ICE tərəfindən reydlərin davam etdiriləcəyi bildirilir.


Mənbə: BBC News 

Tərcümə etdi: Zeynəb Yunuszadə

Paylaş
Şərh əlavə et