Bu gün:

ABŞ Dövlət katibinin Harvardla bağlı tələbi


ABŞ Dövlət katibi Marko Rubionun Harvard Universitetinin Çində təşkil olunan və ABŞ hökuməti tərəfindən qara siyahıya salınmış Çinli rəsmilərin də iştirak etdiyi güman edilən bir konfransın təşkilində rol alaraq federal sanksiyaları pozub-pozmadığının araşdırılmasını tələb etdiyi iddia olunur.

“New York Times” qəzetinin məsələ ilə tanış mənbələrə və sənədlərə əsaslanaraq yaydığı məlumata görə, Rubio Harvardın sözügedən konfransın təşkilindəki rolunun federal sanksiyaların pozulmasına səbəb olub-olmadığının araşdırılması üçün Xəzinə Nazirliyinə təzyiq göstərir. Rubionun may ayında Xəzinə Nazirliyinə rəsmi araşdırma aparılması üçün məktub göndərdiyi və məsələnin ətraflı şəkildə incələnməsini tövsiyə etdiyi iddia olunur. Açılacaq araşdırma çərçivəsində xüsusilə konfransa qatıldığı güman edilən və ABŞ tərəfindən qara siyahıya salınaraq sanksiya tətbiq edilən Çinli rəsmilərin diqqətə alınacağı qeyd olunur. Həmin şəxslərin Çinin dövlətə bağlı “Sincan İstehsalat və İnkişaf Korpusu”nda vəzifə tutduğu ehtimal edilir. Digər tərəfdən, ABŞ mediasına danışan ekspertlər Dövlət katibinin Xəzinə Nazirliyinin sanksiya prosesinə bu dərəcədə müdaxilə etməyə çalışmasının olduqca qeyri-adi hal olduğunu vurğulayır. ABŞ 2020-ci ildə Uyğur türklərinin məcburi əməyə cəlb olunmasını əsas gətirərək, “Sincan İstehsalat və İnkişaf Korpusu”ndan pambıq məhsullarının idxalını qadağan edib.

Mənbə: TRT Haber

Tərcümə etdi: Asiman Vəliyeva

Paylaş
Şərh əlavə et