Cənubi Koreya ordusu Şimali Koreyanın ötən il göndərdiyi “zibil şarlarına” cavab olaraq sərhəd bölgələrində başladığı səsgücləndiricilərlə “təbliğat” fəaliyyətini iki ölkə arasındakı münasibətləri yaxşılaşdırmaq səyləri çərçivəsində dayandırdığını bildirib.

Yonhap xəbər agentliyinin məlumatına görə, Cənubi Koreya Baş Qərargah Rəisliyi (JCS) bu mövzuyla bağlı açıqlama yayıb.
Açıqlamada sərhəd bölgəsində Şimali Koreyaya qarşı aparılan “təbliğat” xarakterli səsgücləndirici yayımının dayandırıldığı bildirilib və ”Bu qərar Koreya yarımadasında Koreyalararası etimad və sülhü yenidən bərpa etmək vədinə sadiqliyin bir hissəsi olaraq qəbul edilib”,- deyilib.
Cənubi Koreyada vəzifəyə yeni başlayan Prezident Li Cae-myong: “Koreya yarımadasında daimi sülhü qurmaq üçün Şimalla (Şimali Koreya) ünsiyyət kanalları açacaq, dialoq və əməkdaşlıq yollarını axtaracağıq”,– deyə açıqlama verib.
Cənubi Koreyada yaşayan Şimali Koreyalı qaçqınlar və aktivistlər Pxenyana qarşı tənqidi təbliğat vərəqələri ilə dolu böyük şarları Şimala göndərib.
Şimali Koreya isə buna cavab olaraq 2024-cü ilin may ayının sonundan etibarən içi zibil dolu 2000-dən çox şarı Cənubi Koreyaya göndərib.
Cənubi Koreya ordusu da Şimali Koreyanın göndərdiyi bu “zibil şarlarına” cavab olaraq sərhəd bölgələrində səsgücləndiricilərlə “təbliğat” fəaliyyəti apardıqlarını açıqlayıb.
Mənbə: TRT Haber
Tərcümə etdi: Səyyarə Mirzəyeva
