İyunun 2-də Türkiyənin ev sahibliyi ilə İstanbulda Rusiya və Ukrayna arasında keçirilən danışıqlar nəticəsində 6 min Ukrayna əsgərinin dondurulmuş cəsədlərinin təhvil verilməsi, ağır xəstə və yaralı əsgərlərin, 25 yaşınadək əsir götürülən əsgərlərin dəyişdirilməsi ilə bağlı razılıq əldə edilib.
Rusiya Müdafiə Nazirliyi iyunun 2-də İstanbulda Rusiya və Ukrayna arasında birbaşa danışıqlar nəticəsində əldə olunan razılaşmalara əsasən, ikinci qrup rus əsgərinin Ukraynadan geri qaytarıldığını açıqlayıb.
Açıqlamada Ukrayna Silahlı Qüvvələrindən əsir götürülən bir qrup əsgərin rus əsirlərinin müqabilində Kiyevə verildiyi, rus əsgərlərinin hazırda Belarus torpaqlarında olduğu və onlara tibbi və psixoloji yardım göstərildiyi bildirilib.
Bəyanatda bütün rus əsgərlərinin nazirliyin tibb müəssisələrində müalicə və reabilitasiya üçün Rusiyaya göndəriləcəyi bildirilib.
Birinci mərhələdə olduğu kimi, nazirlik əsir mübadiləsinə cəlb olunan əsgərlərin sayı barədə məlumat verməyib.
Ukrayna prezidenti Vladimir Zelenski Telegram hesabında İstanbuldakı danışıqlarda Rusiya ilə razılaşdırıldığı kimi, məhbus mübadiləsi prosesi bu gün də davam etdiyini yazıb.
Ağır xəstə olan və yaralı Ukrayna əsgərlərinin geri qaytarıldığını bildirən Zelenski: "Bu gün ağır xəstə olan və yaralı əsgərlərimizin Rusiya əsirliyindən qayıtmasının ilk mərhələsidir. Onların hamısının təcili tibbi yardıma ehtiyacı var. Bu, mühüm humanitar aksiyadır",-deyib.
Mənbə: CNN Trk
Tərcümə etdi: Çimnaz Həmzəliyeva
