ABŞ prezidenti Donald Tramp Los-Ancelesdəki sərhəd etirazlarını yatırtmaq üçün əllərindən gələni edəcəklərini bildirib və əlavə edib: "Ölkəmizə və vətəndaşlarımıza təhlükə görsək, asayişin qorunmasında çox sərt davranacağıq".

ABŞ prezidenti Tramp Nyu Cersidəki qolf meydançasından Kemp Devidə gedərkən hava limanında mətbuat mənsublarına Los-Ancelesdəki hadisələri dəyərləndirib.
Tramp Milli Qvardiyanı Los-Ancelesə göndərdiyini və lazım gələrsə, daha çox mühafizəçi əsgər göndərməyə hazır olduğunu vurğulayıb.
ABŞ prezidenti deyib: "Düşünürəm ki, bu, iğtişaş idi və çox pis idi. Ölkəmizə və vətəndaşlarımıza təhlükə görsək, asayişin qorunmasında çox sərt davranacağıq. Qanunun və asayişin qorunduğundan əmin olmalıyıq". Kaliforniya ştatının və Los Anceles şəhərinin Demokrat liderlərini günahlandıran Tramp bu hadisələrin davam etməsinə heç vaxt icazə verməyəcəklərini açıqlayıb.
ABŞ-nin Los-Anceles şəhərində İmmiqrasiya və Gömrük Mühafizəsi (ICE) tərəfindən saxlanılan qeyri-qanuni mühacirlərə dəstək məqsədilə təşkil edilən nümayişlər iki gündür davam edir, Tramp administrasiyası sərt açıqlamalar verir. Anti-ICE etirazlarında bir çox etirazçılar saxlanılıb, təhlükəsizlik qüvvələri ilə etirazçılar arasında vaxtaşırı toqquşmalar baş verib. ABŞ prezidenti Tramp Los-Ancelesdəki vəziyyətə nəzarət etmək üçün Milli Qvardiyanı yerləşdirdiyini qeyd edib və regiondakı hadisələrdə Demokrat liderləri günahlandırıb.
Mənbə: TRT haber
Tərcümə etdi: Ayşən Səlimova
