Bu gün:

Nigeriya qeyri-qanuni neft emalı zavodlarını bağlayıb


Afrikanın neft və qazla zəngin ölkəsi olan Nigeriyada qaçaqmalçılıq yolu ilə gətirilən xam neftin qeyri-qanuni emal edildiyi 27 obyekt bağlanıb.

Nigeriya Ordusunun İctimaiyyətlə Əlaqələr üzrə Müvəqqəti Rəisi Danjuma Jonah yazılı açıqlamasında ordunun son iki həftə ərzində ölkənin neft bölgəsi olan Niger Deltasında neft qaçaqmalçılarına qarşı əməliyyatlar keçirdiyini bildirib.

Danjumanın sözlərinə görə, bu əməliyyatlar nəticəsində 27 qeyri-qanuni neft emalı müəssisəsi bağlanıb. Təxminən 161 min litr neft məhsuluna əl qoyulub və 43 neft qaçaqçısı saxlanılıb.

Nigeriyalı senator Ned Nwoko isə bildirib ki, 2023-cü ildə neft oğurluqları və boru kəmərlərinə edilən hücumlar nəticəsində ölkə iqtisadiyyatı 3 milyard dollardan çox zərərə uğrayıb.

Nigeriyanın müəyyən edilmiş 37 milyard barel neft ehtiyatı dünya ehtiyatlarının 3,1 faizini təşkil edir.

Xam neft hasilatı baxımından dünyanın ilk 15 ölkəsi arasında yer alan Nigeriya dünyada ən çox neft ehtiyatına malik 8-ci ölkədir. Neft ixracatında isə 6-cı sıradadır.

Həmçinin neft yataqlarının yerləşdiyi Delta bölgəsində neft sahələrinə qarşı sabotajlar, toqquşmalar və adam oğurluqları baş verib.

Mənbə: TRT Haber 

Tərcümə etdi: Səyyarə Mirzəyeva


Paylaş
Şərh əlavə et