Kaliforniya ştatının Los Anceles şəhərində miqrasiya reydlərinə qarşı keçirilən etiraz aksiyaları üçüncü gününə daxil olub. ABŞ Prezidenti Donald Tramp-ın göstərişi ilə əraziyə Milli Qvardiya qüvvələri göndərilib.
Cümə günü şəhərin mərkəzində qarşıdurmalar baş verib. Bu, Miqrasiya və Gömrük Mühafizəsi (ICE) tərəfindən sənədsiz miqrantlara qarşı keçirilən reydlərdən sonra baş verib. Tramp administrasiyası son zamanlar miqrasiya siyasətini sərtləşdirib və federal agentlərə gündə 3.000 nəfərin saxlanılması göstərişi verilib.
Kaliforniya qubernatoru Qavin Nevsom-un razılığı olmadan LA bölgəsində üç nöqtəyə 300 nəfərlik Milli Qvardiya qüvvəsi yerləşdirilib.
Etirazçıları dağıtmaq üçün hüquq-mühafizə orqanları gözyaşardıcı qaz və rezin güllələrdən istifadə edib. Aksiya iştirakçıları əsas avtomobil yollarını bağlayıb, nəticədə, böyük bir magistral yol bağlanıb.
Bəzi nəqliyyat vasitələri yandırılıb, talan halları müşahidə olunub və bir neçə nəfərin yaralandığı bildirilib.
Mənbə: BBC News
Tərcümə etdi: Zeynəb Yunuszadə
