Fransanın Şampan bölgəsinin paytaxtı Reyms şəhərində baş verən və son dərəcə şiddətli olduğu bildirilən yanğın nəticəsində 4 nəfər həlak olub. Hadisəyə səbəb kimi batareya ilə işləyən elektrik skuterinin partlaması göstərilir.

Yanğın Iyunun 6-a keçən gecə 10 mərtəbəli yaşayış binasında başlayıb. Reyms prokuroru Fransua Şnayderin məlumatına görə, yanğının başladığı 4-cü mərtəbədə yaşayan 13 yaşlı uşaq qorxudan pəncərədən tullanaraq həyatını itirib. Daxildə yandırılmış vəziyyətdə tapılan cəsədin isə onun 15 yaşlı böyük qardaşına aid olduğu ehtimal edilir.
8-ci mərtəbədə yaşayan 87 yaşlı qadın və onun 59 yaşlı oğlu isə tüstüdən boğularaq vəfat ediblər.
Prokurorun sözlərinə görə, iki nəfər ağır yaralanıb. Onlardan biri yanaraq ciddi xəsarət alan oğlanların ögey atasıdır. Bundan əlavə, 26 nəfər xəstəxanada yüngül xəsarətlərlə müalicə alıb.
Şnayder bildirib ki, hadisənin təsadüfi olduğu danılmazdır və yanğın sürətlə skuterdən yayılıb. Skuterin niyə alovlandığı isə hələlik bəlli deyil.
Mənbə: CNN
Tərcümə etdi: Rəna Qarayeva
