Çernobılı insan əli ilə məhv edilmiş bir səhraya bənzətmək asandır. Axı insanlar yeganə canlı növüdür ki, öz rahatlığı üçün yaratdığı texnologiyalarla həyatın özünü yox edə bilir. Lakin bu yanaşma — insan mərkəzli baxış (antropomorfik perspektiv) — planetdəki saysız-hesabsız digər canlıların mövcudluğunu nəzərə almır.
İnsanlar üçün Çernobılın hekayəsi elektrik stansiyasının tikintisi ilə başlayıb, faciə ilə bitib. Amma təbiət üçün bu hekayə əvvəllər də yazılıb, indi də yazılır və gələcəkdə də yazılmağa davam edəcək. İnsanlar Qırmızı meşədə mövcud olan ekosistemi məhv etsələr də, bu biom sərt və əlverişsiz şəraitdə belə həyat üçün məkan olacaq.
Bəlkə də, hadisələrə insan yox, təbiət mərkəzli baxışla yanaşmaq vaxtıdır. Bu baxışda əsas qəhrəman insanlar yox, təbiətin özü olur. İnsan mərkəzli yanaşma insanın təbiətə vurduğu ziyanı gizlədə bilər, lakin ekomərkəzli baxış həm insanların, həm də bütün canlı aləmin taleyinə təsir edən nəticələri daha aydın göstərir.
Çernobıl kimi texnoloji yeniliklər və onlardan doğan fəlakətlər milyonlarla növ üçün, o cümlədən insanlar üçün, Yer kürəsini yaşanmaz edə bilər. Lakin buna baxmayaraq, təbiət insanlardan asılı deyil — hətta bəlkə də, insanlar olmadan daha yaxşı şəkildə yaşamağa davam edəcək.
Mənbə: emeraldreview.com
Tərcümə etdi: Arzu Qafarova
