
Rusiya Ukraynanın altı bölgəsində geniş hücumlara başlayıb. Kiyevdə gecə saatlarında raket və pilotsuz təyyarələrlə edilən hücum nəticəsində azı 4 nəfər ölüb, 20 nəfər yaralanıb. Yaralılardan 16-sı xəstəxanaya aparılıb. Şəhər meri Vitali Kliçko bildirib ki, bir neçə yerdə axtarış-xilasetmə işləri davam edir.
Ukrayna ordusu 407 pilotsuz uçan aparat və 45 raket buraxıldığını açıqlayıb. Onlardan 200 PUA və 30 raket zərərsizləşdirilib. Hava hücumundan müdafiə sistemləri hədəfləri vurmağa çalışarkən paytaxtda bir neçə partlayış baş verib, dağıntılar bir neçə rayonda yanğınlara səbəb olub. Solomyanski rayonunda 16 mərtəbəli binanın 11-ci mərtəbəsində yanğın baş verib, üç nəfər təxliyyə olunub. Bir metal anbarda da yanğın qeydə alınıb.
Kiyev Şəhər Administrasiyasının rəhbəri Tymur Tkaçenko deyib ki, hava hücumlarına qarşı bütün imkanlar səfərbər olunub. O, insanlara təhlükəsizlik qaydalarına əməl etməyi tövsiyə edib. Hücum zamanı metro stansiyalarında və yeraltı dayanacaqlarda gizlənən insanların görüntüləri yayılıb.
Ukraynanın insan haqları komissarı Dmitri Lubinets və xarici işlər nazirinin müavini Andrii Sybiha beynəlxalq ictimaiyyəti Rusiyaya qarşı sərt mövqe tutmağa çağırıb. Onlar mülki əhalinin və infrastrukturun hədəfə alınmasını qınayıb.
Ukrayna Daxili İşlər Nazirliyi açıqlayıb ki, hücumlar zamanı üç xilasedici həlak olub. Nazirlik qeyd edib ki, onlar insanların köməyinə gedərkən atəş altında qalıblar. Rəsmilər əhaliyə sığınacaqlarda qalmağı tövsiyə edib.
Mənbə: Al Jazeera
Tərcümə etdi: Asiman Vəliyeva
