Mərakeş hökuməti Qurban bayramı ərəfəsində heyvan bazarlarını "quraqlıq və heyvanların sayının azalması" səbəbi ilə bağlayıb.
Qərarın ölkədə son illərdə artan quraqlıq, heyvan sayının azalması və xərclərin artması ilə əlaqədar qəbul edildiyi açıqlanıb.
Bəzi rayonlarda qanunsuz satışın qarşısının alınması məqsədilə yoxlamalar artırılıb.
Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumata görə, Mərakeşdə son 7 ildir davam edən quraqlıq heyvan ehtiyatının 38% azalmasına səbəb olub. Yağışlar son 30 ilin orta göstəricisindən 53% azdır. Bu vəziyyət qurbanlıq heyvanların tədarükünə xeyli təsir edib.
Mərakeş kralı VI Məhəmməd fevral ayında Qurban bayramı ilə bağlı verdiyi açıqlamada xalqı bu il qurban kəsməkdən çəkinməyə çağırıb. Kral qurban kəsməyin İslamda güclü sünnə olduğunu vurğulayaraq mövcud çətinliklərə görə bu mərasimin cəmiyyətin aztəminatlı təbəqələri üçün ağır yükə çevrilə biləcəyini bildirib. O, Mərakeş xalqı adından simvolik olaraq qurban kəsəcəyini açıqlayıb.
1963, 1981 və 1996-cı illərdə də ölkədə insanlardan heyvanları qurban kəsməkdən çəkinmələri istənilib.
Mənbə: Haber Global
Tərcümə etdi: Səyyarə Mirzəyeva
