Bu gün:

Dünya əhalisi səhv hesablanıb: “Bir neçə milyard artıq insan yaşayır”


Yeni bir araşdırmada kənd yerlərində yaşayan insanların sayının ən azı 50 faiz az hesablandığı müəyyən edilib.

Birləşmiş Millətlər Təşkilatı (BMT) ötən ilin yayına olan məlumata əsaslanaraq, planetdə təxminən 8,2 milyard insanın yaşadığını bildirmişdi. Lakin yaxınlarda aparılan bir araşdırma dünyadakı əsl insan sayının bundan xeyli çox ola biləcəyini göstərir.

Finlandiyadakı Aalto Universitetindən doktorantura sonrası tədqiqatçı Yosias Láng-Ritter və həmkarları qeyd ediblər ki, dünya əhalisini hesablarkən ciddi çatışmazlıqlar var, çünki kənd yerlərindəki məlumat bazaları çox vaxt natamam olur.

Tədqiqatçılar “araşdırılan məlumat bazalarında böyük uyğunsuzluqlar” aşkar ediblər. Bu isə “kənd əhalisinin ən yaxşı məlumat bazasında belə rəsmi rəqəmlərlə müqayisədə yarıbayarı az hesablandığı” deməkdir.

Kənd  əhalisi 50 %  az hesablanıb

Nüfuzlu elmi jurnal Naturedə dərc olunan məqalədə BMT-nin kənd yerlərində yaşayan insanların sayını ən azı 50 faiz az hesablamaqla səhv etdiyini göstərib.

Nəticədə bu vəziyyət dünyada əslində “yüz milyonlarla” və ya “bir neçə milyard” artıq insanın yaşadığı anlamına gəlir.

Bu pisdir?

Londondakı Queen Mary Universitetindən professor Conatan Kennedi The Guardian qəzetində bu məsələ ilə bağlı məqaləsində qeyd edib ki, dünyada düşünüləndən xeyli çox insanın yaşaması Yer kürəsinin məhdud resursları baxımından narahatedici görünə bilər. Lakin bu, yaxşı bir hal da ola bilər.

Kennedinin fikrincə, “artıq əhali” ilə bağlı narahatlıqlar çox şişirdilir. BMT-yə görə dünya əhalisi 2080-ci illərin ortalarında sabitləşəcək və pik həddə çatdıqdan sonra azalmağa başlayacaq. Bu da bir çox mütəxəssisi əhalinin azalmasının təhlükələri haqqında düşünməyə vadar edir.

Professor yazır: “Bu qədər çox insan Yer kürəsinin resurslarına böyük yük gətirir, lakin istehlak məsuliyyətlə idarə olunarsa və davamlı texnologiyalar inkişaf etdirilərsə, dünyanın fəlakətli sonluqdan qaçmasına nail olmaq olar.”


Mənbə: NTV 

Tərcümə etdi: Mina Yadigarlı


Paylaş
Şərh əlavə et