Yuxuda kiməsə zərbə vurmaq istəyib, qolunuzu tərpədə bilmədiyiniz qəribə hissi yaşamısınızmı? Sanki yumruğunuz yavaşlayır və gücünü itirir. Bu hiss yalnız sizə məxsus deyil, bir çox insanlar bu vəziyyətlə tez-tez qarşılaşır. Üstəlik, bu hal təkcə yumruq atmaqla məhdudlaşmır. Yuxuda sürətlə qaçmaq, aydın danışmaq və ya saata baxıb vaxtı dəqiq oxumaq da eyni dərəcədə çətin ola bilər. Bəs bunun səbəbi nədir? Gəlin araşdıraq.

Gündəlik həyatımızda dünyanı qavrayışımız göz, qulaq, əzələ kimi hiss orqanlarımızdan gələn məlumatlara əsaslanır və beynimiz bu siqnalları müvəqqəti yaddaşda emal edir. Lakin yuxu zamanı xarici aləmlə əlaqə demək olar ki, tamamilə kəsilir.
Duyğu orqanlarından siqnal gəlmədiyindən, beyin yalnız xatirələr, xəyal və düşüncələrdən istifadə edərək süni bir dünya qurur. Beyin çatışmayan məlumatları proqnozlaşdırmaqla məhdud yaddaş əsasında bir simulyasiya yaradır.
Qaçmaq və ya yumruq atmaq kimi hərəkətlər bədənin bir neçə hissəsinin eyni anda işləməsini tələb edir. Bu isə əzələ hərəkətləri, oynaqların mövqeyi, balans vəziyyəti və yerin təsiri kimi bir sıra amillərin birlikdə simulyasiya olunmasını zəruri edir.
Lakin yuxuda nə əzələlərdən siqnal gəlir, nə də xarici mühitin təsiri mövcuddur. Bu səbəbdən beyin məsələn, yumruğun hədəfə çatması üçün lazım olan fiziki prosesləri və güc ötürülməsini dəqiq şəkildə hesablaya bilmir.
Gerçək həyatda hərəkət etdikdə ətrafımızdakı obyektlərin hərəkətini müşahidə edir, məsafələri və sürəti vizual olaraq qavrayırıq. Bu optik axın beynin sürət və istiqamət anlayışını formalaşdırmasına imkan verir. Yuxuda isə bu vizual axın ya çox zəifdir, ya da ümumiyyətlə yoxdur.
Nəticədə, beyin sürət hissini formalaşdıra bilmir. Yumruq atmaq və ya qaçmaq kimi hərəkətlər ətraf mühitlə qarşılıqlı əlaqə tələb edir. Halbuki yuxu zamanı ətraf sabitdir və bu da real hərəkət hissinin yaranmasına mane olur.
Yuxuda bəzi hərəkətləri yerinə yetirə bilməməyimiz, basdırılmış emosiyaların deyil, beynin texniki imkanlarının nəticəsidir. Çünki işlək yaddaşımız məhduddur, dil mərkəzlərimiz yuxuda passivləşir, əzələlərdən məlumat daxil olmur və ətraf real zamanlı deyil.
Mənbə: Onedio
Tərcümə etdi: Xavər Məmmədli
