Görüşdən sonra keçirilən mətbuat konfransında Ukrayna nümayəndə heyəti Rusiyanın təklifini qiymətləndirmək üçün vaxt lazım olduğunu bildirib.
Ukrayna xarici İşlər Nazirinin müavini Sergiy Kislytsya Rusiyanın təklifi ilə bağlı mətbuata verilən suala “Əgər daha əvvəl göndərsəydilər tələblərdən hansının məqbul hansının olmadığını deyə bilərdik”,- deyə cavab verib. O, Rusiyanın təqdim etdiyi sənədlər əsasında mövqelərini qiymətləndirəcəklərini və buna uyğun gələcək addımlarını planlaşdıracaqlarını bildirib. "Biz düşünürük ki, bu, liderlərin görüşünə hazırlıq olsa mənalı olacaq. Qərar verən şəxs Putindir", - deyə əlavə edib.
Görüşdə Türkiyə adından Xarici İşlər Naziri Hakan Fidan və MİT direktoru İbrahim Kalın iştirak edib.
Anadolu Agentliyinin məlumatına görə, Ukrayna Xarici İşlər Nazirinin müavini Sergiy Kislytsya və Ukrayna prezidentinin aparat rəhbərinin müşaviri Oleksandr Bevz İstanbulda Almaniya, İtaliya və Böyük Britaniya nümayəndələri ilə də görüşüb.
İclasın açılışında çıxış edən Xarici İşlər Naziri Hakan Fidan “liderlərin görüşünə hazırlıq məsələlərinin müzakirə ediləcəyini” bildirib. Xəbər verilir ki, Ukrayna nümayəndə heyətinin üzvləri Ukraynanın sülh səylərinə sadiqliyini bir daha təkrarlayıb və görüşdə tam atəşkəs və humanitar etimadın möhkəmləndirilməsi kimi gündəlikdəki məsələləri ətraflı müzakirə ediblər.
Mənbə: BBC NEWS
Tərcümə etdi: Səmayə Səftərova
