Bu gün:

Dünyanın gücləri Arktikada rəqabəti artırıb


Norveçin şimalındakı qəsəbənin yeni bələdiyyə sədri Maqnus Mæland deyir ki, vəzifəyə başlayandan sonra Çin nümayəndələri onunla görüşmək istəyib. Səbəb isə Çinin Arktikada super güc olmaq istəməsidir.

Çin Arktikada daşınmaz əmlak almağa, infrastruktur layihələrində iştirak etməyə və bölgədə daimi mövcudluq qurmağa can atır. Özünü “Arktikaya yaxın dövlət” kimi təqdim edən Çin, burada daha çox təsir əldə etməyə çalışır.

Arktika isə qlobal güclər, yəni ABŞ, Rusiya, Çin, Hindistan və Avropa ölkələri arasında rəqabət mərkəzinə çevrilir. Qlobal istiləşmə Arktikada buzlaqları əridir, bu da təbii ehtiyatlara (neft, qaz, minerallar) çıxışı asanlaşdırır və yeni ticarət marşrutlarının açılmasına səbəb olur. Belə marşrutlar Asiya ilə Avropa arasındakı ticarət yolunu xeyli qısalda bilər. Çin bu potensialı “Qütb İpək Yolu” ilə reallaşdırmaq istəyir.

Norveçin şimalındakı Kirkenes şəhəri, Asiyadan gələn gəmilər üçün Avropaya ilk giriş nöqtəsinə çevrilə bilər. Liman rəhbərliyi burada yeni beynəlxalq tranzit limanı qurmaq istəyir və bu limanı Avropa, Asiya və Şimali Amerikanı birləşdirən bir mərkəzə çevirməyi planlaşdırır.

Ancaq Norveç hökuməti təhlükəsizlik səbəbilə kritik infrastrukturun xarici ölkələrə satılmasına məhdudiyyətlər qoyur. Bələdiyyə sədri Mæland isə deyir: “Çinlə əlaqə qurmaq istəyirik, amma ondan asılı olmaq istəmirik”.

Mənbə: BBC 

Tərcümə etdi: Ətirə İbayeva 

Paylaş
Şərh əlavə et