Pişik miyoldadı, it hürüdü... Bəs biz onları başa düşsək necə olar?
Ev heyvanı sahiblərinin uzun illərdir qurduğu klassik bir xəyal artıq reallığa çevrilə bilər. Çin texnologiya şirkəti "Baidu" tərəfindən edilən patent müraciəti bu istiqamətdə mühüm bir addım kimi qiymətləndirilir. Çin Milli Əqli Mülkiyyət İdarəsinə təqdim olunan sənəddə qeyd olunur ki, sistem heyvanların səslərini, davranışlarını və fizioloji reaksiyalarını toplayaraq təhlil etməyi nəzərdə tutur.

Toplanan məlumatlar güclü süni intellekt sistemi vasitəsilə emal edilir və heyvanın emosional vəziyyəti ilə nə demək istədiyinə dair mənalı nəticələr formalaşdırılır. Bu sistemin əsas məqsədi pişiyin “Bu gün bir az halsızam” deməsini təmin etmək deyil, lakin məsələn, heyvanın ac, narahat və ya oyun oynamaq istədiyini müəyyənləşdirməyə kömək edə bilər.
Beləliklə, ev heyvanlarının əsas ehtiyaclarını, emosional vəziyyətlərini və diqqət çəkmək istədikləri hallarını daha dəqiq anlamaq mümkün ola bilər. Baidu da bu texnologiyanı "növlərarası ünsiyyətin dəqiqliyini və səmərəliliyini artırmaq" məqsədilə inkişaf etdirdiyini bildirir. Hazırda insanlar tərəfindən heyvanlara cavab verilməsi, yəni tərs istiqamətdə ünsiyyət bu sistemin funksiyaları daxilində deyil.
Qeyd edək ki, heyvan ünsiyyəti sahəsində daha öncə də bir sıra maraqlı təcrübələr aparılıb. Məsələn, bəzi itlərin ayaqları ilə basaraq sözləri səsləndirə bildikləri xüsusi düymə sistemləri YouTube platformasında viral olub. Bu sistemlər vasitəsilə itlər “oyun vaxtı” və ya “yemək istəyirəm” kimi qısa ifadələr yarada bilirdilər.
Lakin tənqidçilər hələ də itlərin bu düymələrə şüurlu şəkildə basıb-basmadığı və ya sadəcə mükafat gözləntisi ilə hərəkət etdikləri barədə şübhələrə malikdirlər. Bununla yanaşı, itlərin müxtəlif dilləri ayırd edə bildiyini sübut edən tədqiqatlar da mövcuddur. Belə ki, 2022-ci ildə Macarıstanda aparılan bir araşdırma zamanı, itlərin beyin aktivliyinin tanış dillərdə fərqli reaksiyalar verdiyi müşahidə olunub.
Beynəlxalq səviyyəli Project CETI kimi tədqiqat qrupları artıq süni intellekt əsaslı analizlərlə kaşalot balinalarının ünsiyyət sistemini araşdırmağa başlayıblar. Toplanan məlumatlar balinaların özlərinə məxsus fonetik əlifba vasitəsilə ünsiyyət qurduqlarını göstərir.
Baidunun layihəsi də bu cür elmi təşəbbüslərlə paralel olaraq inkişaf etdirilir və gələcəkdə müxtəlif heyvan növləri ilə daha dərin əlaqələr qurmağımıza imkan yarada bilər.
Mənbə: Onedio
Tərcümə etdi: Xavər Məmmədli
