Ötən həftə İstanbulda razılaşdırılmış Rusiya və Ukrayna arasında məhbus mübadiləsinin bir hissəsi bu gün həyata keçirilib. Rusiya Müdafiə Nazirliyindən verilən açıqlamada Ukraynanın mayın 16-da İstanbulda əldə etdiyi razılaşma çərçivəsində daha 307 rus əsgərini geri qaytardığı, Rusiyanın 307 ukraynalı əsir əsgəri azad etdiyi də bildirilib.

Ukraynanın azad etdiyi rus əsgərlərinin hazırda Belarusda olduğu və əsgərlərə lazımi psixoloji və tibbi yardım göstərildiyi qeyd edilib. Rusiya əsgərlərinin Rusiya Müdafiə Nazirliyinə bağlı səhiyyə müəssisələrində müalicə və reabilitasiya üçün Rusiyaya gətiriləcəyi vurğulanıb. Qarşılıqlı məhbus mübadiləsinin davam etdiriləcəyi bildirilib.
Rusiya və Ukrayna nümayəndə heyətləri keçən həftə İstanbulda iki saatlıq danışıqlarda “1000 məhbusun qarşılıqlı mübadiləsi” barədə qərar qəbul ediblər. ABŞ prezidenti Donald Tramp dünən iki ölkə arasında məhbus mübadiləsi razılaşmasının tamamlandığını və ilk mübadilə saatlar sonra həyata keçirildiyini açıqlayıb. Rusiya və Ukrayna qarşılıqlı olaraq 390 məhbusu azad ediblər.
Mənbə: A haber
Tərcümə etdi: Aysel Mirzəyeva
