Haitidə bir qəsəbəyə silahlı dəstənin hücumu nəticəsində 50 nəfər, o cümlədən uşaqlar həlak olublar.

Silahlı dəstə üzvləri mərkəzi Preval şəhərində bir neçə evi yandırıb və dinc sakinlərə hücum ediblər. Maranatha kilsəsinə basqın edən dəstə üzvləri 86 yaşlı keşiş Jok Brutusun başını kəsərək öldürüb.
Hücum nəticəsində, aralarında uşaqların da olduğu 50 nəfər həyatını itirib, çox sayda insan yaralanıb.
Şahidlərdən biri İspaniyanın EFE xəbər agentliyinə: "Ən azı 50 cəsəd tapılıb. Qırğın yerinə çatmaq demək olar ki, mümkün deyil, çünki dəstələr hələ də nəzarətdədir. Cəsədlərdən 14-nün başı kəsilib və yandırılıb",- deyib.
Haiti Yepiskop Konfransı (CEH) məsələ ilə bağlı bəyanat yayaraq şəhər əhalisinə qarşı törədilən bu vəhşiliyə görə dərin kədər ifadə edib və səlahiyyətli orqanları təcili tədbirlər görməyə çağırıb.
Mənbə: Haber Global
Tərcümə etdi: Səyyarə Mirzəyeva
