Yunanıstanın şimalındakı Serres şəhərində içməli suda təhlükəli miqdarda uran aşkar edildikdən sonra beş yaşayış məntəqəsində içməli və yemək bişirmək üçün su qadağan edilib.
Avropa İttifaqının (Aİ) müvafiq direktivi çərçivəsində aparılan ölçmələr nəticəsində Lefkonas, Kristos, Metohi, Melenikiotika və Hrisopigi yaşayış məntəqələrində içməli suda qanuni həddən artıq uran aşkar edilib.
Serres Bələdiyyəsi Su və Kanalizasiya İdarəsinin (DEYAŞ) baş direktoru Nikos Safarikas bildirib ki, nəzarət tədbirləri mütəmadi fasilələrlə təkrarlanır və götürülən nümunələr analiz üçün ölkədəki yeganə səlahiyyətli qurum – Demokritos Araşdırma Mərkəzinə göndərilib.
Safarikas onu da qeyd edib ki, DEYAŞ uranın aşkarlanması ilə bağlı suyun təmizlənməsi məqsədilə müvafiq layihələrin hazırlanmasına başlayıb.
Serres qubernatoru Panagiotis Spiropoulos məsələni ciddi şəkildə nəzarətdə saxladıqlarını vurğulayıb. Eyni zamanda ictimaiyyətin panikaya düşməməsi üçün çağırış edib. O, ilkin ölçmələrdən dərhal sonra yeni sınaqlara start verildiyini və hazırda rəsmi tövsiyələrin gözlənildiyini bildirib.
Mənbə: TRT Haber
Tərcümə etdi: Səyyarə Mirzəyeva
