
Bu il Alişir Nəvai adına Beynəlxalq “Türk dünyasının birliyinə töhfəyə görə” mükafatı türkiyəli biokimyaçı, Nobel mükafatı laureatı, Özbəkistan Milli Universitetinin fəxri doktoru Əziz Sancara verilib.
Budapeştdə keçirilən Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə toplantısının proqramı çərçivəsində Alişir Nəvai adına “Türk dünyasının birliyinə töhfəyə görə” beynəlxalq mükafatının təqdimat mərasimi keçirilib.
Bu il onun qalibi türk biokimyaçısı, Nobel mükafatı laureatı, Özbəkistan Milli Universitetinin fəxri doktoru Əziz Sancar olub.
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Əziz Sancarı təbrik edərək, elmi ictimaiyyətin nümayəndəsinə mötəbər mükafatın təqdim edilməsinin türk dünyası alimlərini, o cümlədən gəncləri yeni zirvələr fəth etməyə ruhlandıracağını qeyd edib.
Görkəmli özbək mütəfəkkiri və dövlət xadimi Alişir Nəvainin adını daşıyan OTG mükafatı 2021-ci ildə Şavkat Mirziyoyevin təşəbbüsü ilə təsis edilib. O, hər iki ildən bir türk mədəniyyətinin təbliğinə, sülhün qorunmasına, təhlükəsizliyin təmin edilməsinə və etimadın möhkəmləndirilməsinə, o cümlədən türk xalqları arasında müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsinə xüsusi töhfələrə görə verilir.
Mükafat ilk dəfə ölümündən sonra 2022-ci ildə qırğız yazıçısı və ictimai xadimi Çingiz Aytmatova verilib.
Mənbə: gazeta uz
Tərcümə etdi: Fatimə Umarbəy
