Çinin Anhui əyalətində yerləşən çoxəsrlik Drum Tower-in damından yüzlərlə kirəmit qoparaq yerə düşüb. Hadisə əraziyə gələn ziyarətçilərin gözü qarşısında baş verib.

Şahidlərin çəkdiyi görüntülərdə damın bəzi hissələrinin çökdüyü və bir neçə nəfərin itkin düşdüyü bildirilir. Lakin Fengyang County Mədəniyyət və Turizm Bürosunun məlumatına görə, hadisə nəticəsində xəsarət alan olmayıb. Hadisə bazar ertəsi yerli vaxtla saat 18:30 radələrində (BST 11:30) baş verib.
1375-ci ildə Min sülaləsi dövründə inşa edilmiş və Çinin ən böyük qüllələrindən biri hesab olunan Drum Tower 1995-ci ildə əsaslı şəkildə yenidən qurulub. Qüllə paytaxt Pekindən təxminən 200 mil məsafədə yerləşən Fengyang mahalında yerləşir.
Fengyang mahalı Min sülaləsinin banisi imperator Hongwu – Zhu Yuanzhangın doğulduğu yer kimi tanınır.
Hadisədən dərhal sonra yerli hakimiyyət orqanları ərazidə təhlükəsizlik tədbirləri görüb, ziyarətçilər ərazidən təxliyə olunub. Məsələ ilə bağlı araşdırma başladılıb. Verilən məlumata görə, araşdırma işləri təmir layihəsinin dizayn və tikinti mərhələlərini də əhatə edəcək.
Yerli medianın məlumatına əsasən, yoxlama və qiymətləndirmə işlərinə yardım etmək üçün əraziyə ekspertlər və nəzarət bölmələri cəlb olunub. Hazırda qüllə təmir məqsədilə ziyarətə bağlanıb. Yenidən açılma tarixi əlavə olaraq açıqlanacaq.
Mənbə: BBC news
Tərcümə etdi: Gülçin Abdullayeva
