Prezident Rəcəb Tayyib Ərdoğan Macarıstanın baş naziri Viktor Orbanı qəbul edib.
Macarıstanın paytaxtı Budapeştdə keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Qeyri-rəsmi Zirvə toplantısına qatılan prezident Ərdoğan müxtəlif təmaslar edib.
Bu çərçivədə prezident Ərdoğan Macarıstanın baş naziri Orban ilə Karmelit monastırında görüşüb.
Rabitə Müdirliyindən verilən məlumata görə, görüşdə Türkiyə ilə Macarıstan arasında ikitərəfli əlaqələr, regional və qlobal məsələlər müzakirə edilib. Prezident Ərdoğan Türkiyə ilə Macarıstanın köklü əlaqələrə malik olduğunu və əməkdaşlığın bütün sahələrdə inkişafı üçün addımlar atmağa davam edəcəklərini bildirib.
Ərdoğan Türk Dövlətləri Təşkilatının Zirvə Toplantısının müşahidəçi üzv Macarıstanda təşkil edilməsinin təşkilatın Macarıstana verdiyi önəmin göstəricisi olduğunu və Macarıstanın Türk Dövlətləri Təşkilatına güc qatdığını bildirib. Türkiyənin Avropa Birliyinə üzvlük prosesinin canlandırılmasının Avropanın da marağında olduğunu qeyd edən Ərdoğan Türkiyənin təhlükəsizlik başda olmaqla bir çox sahədə Avropa Birliyinə töhfə verə biləcəyini bildirib. Prezident Ərdoğan həmçinin Türkiyənin Ukrayna ilə Rusiya arasındakı müharibəni ədalətli və qalıcı sülhlə bitirmək üçün səy göstərdiyini, vaxt itirmədən atəşkəs yaradılmalı və sülh danışıqlarına başlamalı olduğunu bildirib.
Mənbə:TRT haber
Tərcümə etdi:Ayşən Səlimova
