Ev pişiklərinin təbiətə maraq göstərməsi təəccüblü deyil. Bir çox sahiblər pişiklərinin təmiz hava almaq və sərbəst gəzmək ehtiyacına anlayışla qarşılayırlar. Lakin mütəxəssislər bildirirlər ki, pişiklərin nəzarətsiz şəkildə çölə buraxılması onların sağlamlığı, davranışı və uzunömürlülüyü baxımından ciddi risklər yarada bilər.

Açıq hava pişiklərə dırmanmaq, qaçmaq və ovlamaq kimi instinktiv davranışlarını yerinə yetirmək imkanı versə də, bu "azadlığın" arxasında bir çox görünməyən təhlükələr dayanır. Araşdırmalara görə, çölə çıxan pişiklər leykoz virusu (FeLV), immunçatışmazlıq virusu (FIV), parazitlər, göbələk infeksiyaları kimi xəstəliklərə daha çox yoluxurlar. Bu xəstəliklərin bir qismi yoluxucudur və bəziləri ölümlə nəticələnə bilər.
Pişiklərin avtomobil qəzasına düşməsi, digər heyvanlarla qarşıdurmalar nəticəsində xəsarət alması və ya zəhərli bitkilərlə təmasdan zəhərlənməsi də rast gəlinən hallardır. Statistik məlumatlara əsasən, qəfil pişik ölümlərinin 39%-i travmatik səbəblərlə, əsasən də yol-nəqliyyat hadisələri ilə bağlıdır.
Bundan əlavə, çölə çıxan pişiklər tez-tez itkin düşür və onların yalnız çox az hissəsi sahibinə qaytarılır. Məsələn, Kanadada aparılan bir tədqiqat göstərib ki, sığınacaqlara gətirilən pişiklərin yalnız 10%-i əvvəlki sahiblərinə qaytarıla bilinib. Bu isə ev pişiklərinin nəzarətsiz şəkildə küçəyə buraxılmasının həm onların, həm də şəhər ekosistemi üçün riskli olduğunu təsdiqləyir.
Lakin bu, pişiyin evdə darıxmalı olduğu demək deyil. Onların ehtiyaclarını qarşılayan dırmanma yerləri, interaktiv oyuncaqlar, gizlənmə qutuları və pəncərə önündə quş izləməyə şərait yaradan yemliklər sayəsində ev mühiti də pişik üçün cazibədar və təhlükəsiz ola bilər.
Nəticə: Pişiyin rifahı və uzunömürlülüyü üçün onu nəzarətsiz şəkildə çölə buraxmaq risklidir. Əvəzində, evdə onun təbii instinktlərini təmin edən təhlükəsiz və zənginləşdirilmiş bir mühit yaratmaq daha məqsədəuyğundur. Bu həm onun sağlamlığını, həm də sizin rahatlığınızı təmin edəcək.
Mənbə: Onedio
Tərcümə etdi: Xavər Məmmədli
