Yaponiyanın paytaxtı Tokio şəhərində bu yay sakinlər üçün əsas su xidmət haqları ləğv ediləcək. Bu addım ekstremal istilərin təsirini azaltmaq və insanların təhlükəsizliyini təmin etmək məqsədilə atılıb.
Rəsmi məlumatlara görə, ötən yay Tokio şəhərində istilik vurması nəticəsində 263 nəfər həyatını itirib. Qurbanların əksəriyyəti ya kondisionerə malik olmayıb, ya da yüksək ödənişlər səbəbindən ondan istifadə etməyib.
İsti hava şəraitinin bu yay da davam edəcəyi ehtimal olunur. Buna görə də, hökumət 36 milyard yen (təxminən 250 milyon ABŞ dolları) məbləğində vəsait ayıraraq su haqlarının ləğvini subsidiyalaşdıracaq. Məqsəd sakinləri kondisioner kimi sərinlədici vasitələrdən istifadəyə təşviq etməkdir.
Tokio Qubernatoru Yuriko Koike məsələ ilə bağlı belə deyib: “Yaşayış xərclərinin artması səbəbilə insanların kondisionerdən istifadə etməməsindən narahatıq. Buna görə də, onların elektrik hesablarını ödəməyə necə kömək edə biləcəyimizi düşündük".
Mənbə: Techcrunch
Tərcümə etdi: Zeynəb Yunuszadə
