Bir vaxtlar Lyle və Erik Menendezin insanların rəğbətini və bağışlanmasını qazanacağı heç kimin ağlına gəlməyib. Ataları tərəfindən cinsi istismara məruz qaldıqları iddiaları o dövrdə prokurorlar və komediyaçılar tərəfindən istehza ilə qarşılanıb, bu, gecə şoularında və Oskar mərasimində belə lağa qoyulub. Amma 35 il sonra, qismən TikTok, Netflix və Kim Kardashian kimi məşhurların təsiri ilə Menendez qardaşlarına yeni bir dəstəkçi nəsil yaranıb. Bu gənclərin çoxu 1989-cu ildə qardaşların Beverli Hillsdəki malikanədə valideynlərini güllələdikləri zaman hələ dünyaya gəlməyib.

O vaxtkı məhkəmə proseslərində qardaşlar acgöz, ərköyün, dəbdəbəyə düşkün qatil kimi təqdim olunub, qətldən sonrakı həftələrdə 700,000 dollar (təxminən 526,000 funt sterlinq) xərclədikləri bildirilib. Lakin bu gün travma və cinsi istismar barədə artan anlayış, bir çox insanların onlara daha çox rəğbət göstərməsinə səbəb olur və bu, qardaşlara azadlığa çıxmaq şansı verə bilər.
Los Anceles hakimi qardaşların cəzasını azaldaraq onlara şərti azadlığa buraxılma imkanı tanıyıb. Bu imkan növbəti ay keçiriləcək dinləmədə gerçəkləşə bilər. Qardaşların taleyi bundan sonra Kaliforniya Şərti Azadlığa Buraxılma Şurasının və nəhayət, siyasi ambisiyaları olan qubernator Gavin Newsom-un əlində olacaq.
1989-cu ildə Erik və Lyle Menendez evlərinin qonaq otağına girərək televiziya izləyən valideynlərinə tüfənglə atəş açıblar. Qətl aylarla bağlı qalıb. Bu müddətdə isə ata-analarının mirası ilə Porsche, Jeep, Rolex saatları və digər lüks əşyalar alıblar. Onların cinayəti bir psixoloqa etiraf etməsindən sonra ortaya çıxıb.
İlk məhkəmə prosesi münsiflərin yekdil qərara gələ bilməməsi ilə nəticələnib. İkinci məhkəmədə isə ömürlük azadlıqdan məhrum edilərək şərti azadlıq hüququ olmadan həbs olunublar. Hər iki məhkəmə zamanı qardaşlar pis, ərköyün gənclər kimi təqdim olunub. Onların məqsədinin valideynlərini öldürərək 14 milyon dollarlıq mirasa sahib olmaq olduğu deyilir və müdafiələri, o cümlədən, ataları tərəfindən cinsi istismar barədə gözyaşlı ifadələri "istismar bəhanəsi" adlandırılıb. SNL və digər gecə şouları onları lağa qoyur, sənədli filmlər "pis oğullar" və "Amerikalı qatillər" kimi adlarla yayımlanıb.
Bütün apelyasiyalar rədd edilib, lakin ötən il hər şey dəyişib. Cinsi istismara dair yeni sübutlar ortaya çıxıb və Netflix-də yayımlanan bədii serial yeni nəsli cəlb edib. Artıq sənədli filmlər "səhv başa düşülənlər" və "xəyanətə uğrayan oğlanlar" kimi başlıqlarla çıxış edir.
TikTok istifadəçiləri bu işi müzakirə edir, Kim Kardashian isə qardaşların azadlığa buraxılmasına açıq dəstək verir. Bundan əlavə, ictimaiyyətin cəza siyasətinə baxışı da dəyişib, artıq reabilitasiya və həbsxanaların boşaldılması prioritetdir, əvvəllər isə “hər kəsi sonsuz həbsdə saxla” düşüncəsi hakim idi.
Jurnalist Robert Rand 2018-ci ildə Erik-in yeniyetmə yaşlarında əmisi qızına yazdığı məktubda atasının ona qarşı cinsi istismarını etiraf etdiyini ortaya çıxarıb. 2023-cü ildə Rand tərəfindən hazırlanan sənədli filmdə Menudo adlı oğlan qrupunun keçmiş üzvü Jose Menendez-in onu 14 yaşında zorladığını iddia edib. Bu ittiham qardaşların dediklərini daha da gücləndirib. Bu yeni sübutlar və sosial dəstək Netflix-dən Kardashian-a qədər bir "dəstək qasırğası" yaradıb.
Ancaq qardaşların taleyi bir şəxsin əlindədir: Kaliforniya Qubernatoru Gavin Newsom. Və bir çoxları hesab edir ki, o, 2028-ci ildə prezidentliyə namizəd olmağı düşünür.
Mənbə: Bbc news
Tərcümə etdi: Nigar Muştaqova
