İsrail ordusu Qəzzada "genişmiqyaslı quru əməliyyatlarına" başladığını açıqlayıb və bazar günü axşam saatlarında hücumların qaçılmaz olacağı barədə xəbərdarlıq etdiyi bir neçə bölgəyə təxliyə əmri verib.
İsrail Müdafiə Qüvvələri (IDF) "Gideonun arabası" əməliyyatı çərçivəsində bazar günü Qəzzanın şimalında yerləşən bir xəstəxana da daxil olmaqla müxtəlif obyektələrə zərbələr endirib.
İsrail bildirib ki, məqsədi Qəzzada saxlanılan girovları azad etmək və HƏMAS-ı məğlub etməkdir.
Xilasedicilərin sözlərinə görə, hava zərbələri Qəzzanın cənubundakı Xan Yunis şəhərini, eləcə də şimal bölgəsində yerləşən Beyt Lahia və Cəbəliya qaçqın düşərgələrini əhatə edib.
HƏMAS-ın nəzarətində olan Qəzza Səhiyyə Nazirliyinin məlumatına əsasən, son 24 saat ərzində azı 67 nəfər həlak olub, 361 nəfər yaralanıb.
Qəzzanın əsas fövqəladə yardım qurumu olan Mülki Müdafiə bildirir ki, köçkünlərin sığındığı cənubdakı əl-Məvasi düşərgəsi də gecə boyunca hücuma məruz qalıb, nəticədə 22 nəfər ölüb, 100 nəfər isə yaralanıb. Qeyd edək ki, bu düşərgə əvvəllər “təhlükəsiz zona” kimi elan edilib.
Xan Yunisdə yaşayan bir qadın BBC-yə bildirib ki, oradakı vəziyyət “çox çətindir” və o, “un, qaz və ərzaq çatışmazlığı” ilə üzləşərkən gecələri bomba səsləri altında oyaq qalır.
Mənbə: BBC news
Tərcümə etdi: Gülçin Abdullayeva
