Microsoft, İsrail ordusuna qabaqcıl süni intellekt və bulud hesablama xidmətləri təqdim etdiyini və İsrailli əsirlərin yerlərinin müəyyən edilməsinə kömək etdiyini bildirib.
Microsoft şirkətinin bloq səhifəsində yayımlanan açıqlamada şirkət, 7 oktyabr 2023 hadisələrindən sonra İsrail hökumətinə xidmət göstərdiyini qəbul edib. Bəzi hallarda kommersiya müqavilələrinin şərtlərindən kənar olaraq, şirkət texnologiyalarına xüsusi çıxış imkanları verildiyi qeyd edilən açıqlamada, “Microsoft, 7 oktyabr 2023-dən sonrakı həftələrdə əsirlərin xilasına yardım etmək məqsədilə İsrail hökumətinə məhdud fövqəladə dəstək göstərib” ifadəsi yer alıb.
Açıqlamada bu dəstəyin ciddi nəzarət altında və məhdud şəkildə həyata keçirildiyi qeyd olunub və şirkətin “Qəzzada yaşayan mülki vətəndaşların məxfiliyinə və digər hüquqlarına hörmət etdiyinə” inandığı bildirilib.
İşçilərin narahatlıqları və mediada yayımlanan xəbərlərin şirkəti daxili araşdırma başlatmağa və əlavə məlumat toplamaq üçün xarici bir firma ilə işləməyə vadar etdiyi qeyd edilib. Xarici firmanın adı açıqlanmayıb və hesabat paylaşılmayıb.
Açıqlamada, Microsoft-un Associated Press-in İsrail ordusunun hava hücumları üçün hədəf seçərkən istifadə etdiyi kəşfiyyat məlumatlarının tərcümə, sıralama və analizində süni intellekt modellərinin necə kömək etdiyinə dair suallarına cavab verməkdən imtina etdiyi bildirilib.
İsrail ordusuna proqram təminatı, peşəkar xidmətlər, Azure bulud saxlama və dil tərcüməsi də daxil olmaqla Azure süni intellekt xidmətləri təqdim olunduğu və İsrail hökuməti ilə milli kiberməkanı xarici təhdidlərdən qorumaq üçün əməkdaşlıq edildiyi vurğulanıb.
Şirkətin və ya onun cəlb etdiyi xarici firmanın İsrail ordusu ilə əlaqə saxlayıb-saxlamadığı və ya onlara məsləhət verib-vermədiyi barədə açıqlama verilməyib. Həmçinin, şirkət İsrail ordusuna əsirlərin xilasına dair göstərdiyi xüsusi yardım və ya Fələstinlilərin hüquqlarını və məxfiliyini qorumaq üçün atdığı konkret addımlar barədə əlavə suallara cavab verməyib.
Açıqlamada, şirkətin “müştərilərin proqram təminatlarını öz serverlərində və ya digər cihazlarında necə istifadə etdiklərinə dair görünüş imkanına malik olmadığını” və məhsulların digər kommersiya bulud provayderləri vasitəsilə necə istifadə edildiyinin müəyyən edilməsinin mümkün olmadığını qeyd edib.
Digər tərəfdən, açıqlamada bildirilib ki, İsrail ordusu da digər bütün müştərilər kimi şirkətin “Qəbul Edilən İstifadə Siyasəti” və “Süni İntellekt Davranış Qaydaları”na əməl etməlidir və şirkət, İsrail ordusunun bu şərtləri pozduğuna dair “heç bir sübut” tapmayıb.
Qəzzada öldürülən fələstinlilər üçün Microsoft-un mərkəzində tədbirin təşkilinə kömək etdikdən sonra 2024-cü ilin oktyabrında işdən çıxarılan keçmiş Microsoft işçisi Hossam Nasr deyib: “Bu açıqlamadan aydın olur ki, onların məqsədi işçilərin narahatlıqlarını aradan qaldırmaq deyil, İsrail ordusu ilə əlaqələri səbəbilə zədələnmiş imiclərini düzəltmək üçün PR kampaniyası aparmaqdır.”
Electronic Frontier Foundation-un direktoru Sindi Kon isə bildirib ki, bu açıqlama Microsoft-un xidmətlərinin və süni intellekt modellərinin İsrail ordusu tərəfindən öz hökumət serverlərində necə istifadə edildiyinə dair cavabsız suallar doğurur.
Mənbə: Trt Haber
Tərcümə etdi: Selcan İbişli
