Microsoft İsrail ordusuna qabaqcıl süni intellekt və bulud hesablama xidmətləri satdığını və israilli məhbusların tapılmasına kömək etdiyini bildirib.
Microsoft şirkəti 7 oktyabr 2023-cü il tarixindən sonra İsrail hökumətinə texnoloji dəstək göstərdiyini rəsmi olaraq təsdiqləyib. Şirkətin bloq səhifəsində yayımlanan bəyanatda bildirilir ki, bu dəstək girovların xilas edilməsinə yardım məqsədi daşıyıb və bəzi hallarda kommersiya müqavilələrinin şərtlərindən kənara çıxaraq xüsusi texnologiyalara çıxış imkanı təqdim olunub.
Bəyanatda bu dəstəyin “əhəmiyyətli nəzarət” altında və məhdud əsaslarla göstərildiyi vurğulanıb. Həmçinin qeyd olunub ki, Microsoft Qəzzada mülki şəxslərin məxfiliyinə və digər hüquqlarına hörmət etdiyinə inanır.
İşçilərin narahatlıqları və media xəbərləri fonunda şirkət daxili araşdırma başladıb və əlavə məlumat toplamaq məqsədilə xarici audit şirkəti ilə əməkdaşlıq edib. Lakin həmin xarici firmanın adı açıqlanmayıb və hesabat ictimaiyyətə təqdim olunmayıb.
Bəyanatda İsrail ordusunun Microsoft texnologiyalarından konkret olaraq necə istifadə etdiyi barədə ətraflı məlumat verilməyib. Şirkət Associated Press-in süni intellekt modellərinin hərbi əməliyyatlarda – xüsusilə hava hücumları zamanı hədəflərin müəyyənləşdirilməsində istifadə olunması ilə bağlı suallarını cavabsız qoyub.
Məlumata görə, Microsoft İsrailə proqram təminatı, peşəkar xidmətlər, Azure bulud platforması və süni intellekt texnologiyaları, o cümlədən dil tərcümə sistemləri təqdim edib. Şirkət İsrailin milli kiberməkanını xarici təhdidlərdən qorumaq üçün hökumətlə əməkdaşlıq etdiyini də bildirib.
Microsoft bəyan edib ki, onların məhsullarından istifadə zamanı müştərilərin öz serverlərində və ya digər qurğularında nə etdiklərinə dair məlumata malik deyillər. Eyni zamanda qeyd olunub ki, şirkət İsrail ordusunun “Məqbul İstifadə Siyasəti” və “Süni İntellekt Davranış Kodeksi”ni pozduğuna dair heç bir sübut aşkar etməyib.
2024-cü ilin oktyabr ayında Qəzzada öldürülən fələstinlilərin xatirəsinə tədbirin təşkilinə yardım etdikdən sonra işdən çıxarılan keçmiş Microsoft əməkdaşı Hossam Nasr bildirib ki, bu bəyanatın məqsədi işçilərin narahatlığını aradan qaldırmaq deyil, şirkətin İsrail ordusu ilə münasibətləri nəticəsində zədələnmiş imicini bərpa etmək üçün aparılan PR kampaniyasıdır.
Elektron Sərhəd Fondunun icraçı direktoru Sindy Kohn isə Microsoft-un bəyanatının bir sıra cavabsız suallar doğurduğunu, xüsusilə də süni intellekt modellərinin İsrail hökumət serverlərində necə istifadə edildiyinə dair aydınlıq gətirilmədiyini qeyd edib.
Mənbə: TRT Haber
Tərcümə etdi : Mina Yadigarı
