Bu gün:

Hindistanlı alpinist Everest zirvəsi yaxınlığında ölü tapılıb


Hindistanlı alpinist Subrata Qoş dünyanın ən hündür nöqtəsi olan Everest dağının zirvəsi yaxınlığında ölü tapılıb.Səlahiyyətli şəxslər hindistanlı alpinist Qoşun (Ghosh) Everest dağının zirvəsinə yaxın hissəsində, Hillari pilləsinin aşağısında həyatını itirdiyini bildiriblər. Bu barədə "The Himalayan Times" məlumat yayıb.

Məlumata görə, 45 yaşlı alpinist zirvədən enərkən güclü yorğunluq hiss edib və yüksək hündürlüyə uyğunlaşma problemləri–yəni hündürlük xəstəliyinin əlamətləri–göstərib. Onun bələdçisi Palçen Tamang: ”Qoş eniş zamanı hərəkət etməkdən imtina etdi”,-deyə bildirib.

Hazırda Qoşun cəsədinin Everestin baza düşərgəsinə çatdırılması istiqamətində axtarış-xilasetmə işləri davam etdirilir.

Qoşun ölümü bu alpinistlik mövsümündə Everestdə qeydə alınan ikinci ölüm hadisəsidir. Bundan əvvəl filippinli alpinist Filip Santyaqo da 7900 metr yüksəklikdə yerləşən Everestin dördüncü düşərgəsinə çatdıqdan sonra həyatını itirib. Onun ölümünə səbəb kimi həddindən artıq yorğunluq göstərilir. Cansız bədəni isə əlverişsiz hava və texniki çətinliklər səbəbindən hələ də düşərgə ərazisində qalıb.

Səlahiyyətlilər bildirirlər ki, son dövrlərdə Everestdə baş verən ölüm halları əsasən zəif planlaşdırma və ağır hava şəraiti ilə əlaqədardır.

Mənbə: TRT Haber

Tərcümə etdi: Səyyarə Mirzəyeva

Paylaş
Şərh əlavə et