Kriptovalyuta nəhəngi Koinbeyz sistemlərinin kiber hücuma məruz qaldığını və bir sıra müştəri məlumatlarının, o cümlədən dövlət tərəfindən verilmiş şəxsiyyət sənədlərinin oğurlandığını rəsmən təsdiqləyib.
ABŞ tənzimləyici orqanlarına təqdim edilən qanuni sənəddə bildirilir ki, bir haker bu həftə şirkətlə əlaqə saxlayaraq müştəri hesablarına dair məlumatlara sahib olduğunu və bu məlumatları yaymamaq üçün şirkətdən pul tələb etdiyini bəyan edib.
Koinbeyz-in verdiyi açıqlamaya əsasən, haker bu məlumatları ABŞ xaricində dəstək sahəsində çalışan podratçı və ya işçilərə pul ödəyərək əldə edib. Həmin şəxslər Koinbeyz-in daxili sistemlərinə çıxış imkanına malik olublar və bu çıxışdan iş vəzifələrini yerinə yetirmək üçün istifadə ediblər. Şirkət həmin dəstək heyətinin artıq işdən uzaqlaşdırıldığını bildirib.
Bundan əlavə, təqdim edilən sənəddə qeyd olunur ki, Koinbeyz sistemləri bu zərərli fəaliyyəti “son aylar ərzində” aşkarlayıb və məlumatlarına çıxış oluna biləcək istifadəçilərə xəbərdarlıq göndərilib. Məqsəd mümkün təhlükələrin qarşısını almaq və kompromet olunmuş məlumatlardan sui-istifadənin qarşısını almaqdır.
Mənbə: Techcrunch
Tərcümə etdi: Zeynəb Yunuszadə
