Bu gün:

ABŞ və Çindən birgə bəyanat


ABŞ və Çin ticarət müharibəsinə son qoymaq məqsədilə həftə sonu İsveçrənin Cenevrə şəhərində görüşüblər. ABŞ-nin maliyyə naziri Skott Bessent danışıqların çox müsbət keçdiyini bildirib.

ABŞ və Çin birgə bəyanat yayaraq razılığa gəldiklərini və bəzi tariflərin 90 gün müddətinə azaldılacağını açıqlayıblar.

“Biz tariflərin 90 gün müddətinə dayandırılmasına razılaşdıq. Tarif səviyyələrini əhəmiyyətli dərəcədə aşağı saldıq,” – deyə ABŞ nümayəndəsi Skott Bessent bildirib.

Razılaşmaya əsasən, Çin ABŞ mallarına tətbiq edilən gömrük rüsumlarını 125 faizdən 10 faizə endirib. ABŞ isə Çin məhsullarına tətbiq olunan tarifləri 145 faizdən 30 faizə salıb.

Bu razılaşmanın elan olunmasından sonra maliyyə bazarlarında müsbət dinamika müşahidə olunub. Dolların qlobal valyutalar qarşısında dəyəri sürətlə artıb. Belə ki, dollar/Yapon yeni cütlüyü 1,11 faiz bahalaşıb, avro/dollar məzənnəsi isə 0,87 faiz ucuzlaşaraq 1,11 səviyyəsinə enib.

Dolların digər əsas valyutalar qarşısında gücünü ölçən DXY İndeksi 0,85 faiz artaraq 101 bəndinə çatıb.

Mənbə: Haber Global

Tərcümə etdi: Səyyarə Mirzəyeva

Paylaş
Şərh əlavə et