Avropa liderlərinin Moskvanı 30 günlük atəşkəsi qəbul etməyə çağırmasından sonra Rusiya prezidenti Vladimir Putin Ukraynanı mayın 15-də İstanbulda “birbaşa danışıqlara” dəvət edib.

Ukrayna prezidenti Vladimir Zelenski atəşkəsin prioritetini vurğulayaraq, “Cümə axşamı Putini Türkiyədə gözləyəcəm”,-deyib. Ötən gün Kreml Sarayından canlı yayımlanan çıxışında Putin "davamlı və möhkəm sülh üçün ciddi danışıqlara" can atdıqlarını söyləyib. ABŞ prezidenti Donald Tramp bazar günü Ukraynanın Rusiya ilə atəşkəs razılaşmasına nail olacağına "şübhə etməyə başladığını",- deyib və Ukraynanı ötən gün Türkiyədə Rusiya rəsmiləri ilə danışıqlar aparmağa çağırıb.
X hesabından mesaj paylaşan Zelenski bu açıqlamaları verib: "Sabahdan etibarən diplomatiya üçün tam və daimi atəşkəs gözləyirik. İnsan itkisini uzatmağın mənası yoxdur və Putini Türkiyədə gözləyəcəm. Şəxsən mən ümid edirəm ki, ruslar bu dəfə bəhanə axtarmayacaqlar". Prezident Rəcəb Tayyib Ərdoğan mayın 11-də Putinlə telefon danışığında sülh danışıqlarına ev sahibliyi etməyə hazır olduğunu bildirib. ABŞ dövlət katibi Marko Rubio da NATO xarici işlər nazirlərinin 14-16 may tarixlərində keçiriləcək qeyri-rəsmi toplantısında iştirak etmək üçün Türkiyəyə gələcəyini açıqlayıb.
Mənbə :BBC NEWS
Tərcümə etdi: Səmayə Səftərova
