NATO Xarici İşlər Nazirlərinin qeyri-rəsmi görüşləri, xüsusilə NATO Sammitləri ərəfəsində müttəfiq nazirlər arasında mühüm mübadilələr üçün imkan yaradır. Bu il iyunun 24-25-də Haaqada keçiriləcək NATO-nun Dövlət və Hökumət Başçıları Sammitinə hazırlıq çərçivəsində Antalyada görüş keçiriləcək. İclasa mayın 14-də xarici işlər naziri Hakan Fidan ev sahibliyi edəcək.

İclas çərçivəsində Müttəfiq ölkələrin xarici işlər nazirləri, NATO-nun baş katibi və digər yüksək səviyyəli NATO rəsmiləri ilk olaraq mayın 14-də axşam nazir Fidanın ev sahibliyi edəcəyi ictimai tədbirdə bir araya gələcəklər.
Şimali Atlantika Şurasının mayın 15-də səhər saatlarında keçiriləcək qeyri-rəsmi sessiyasında Alyansın gündəliyində duran prioritet məsələlərlə bağlı Haaqa Sammitində qəbul edilə biləcək qərarlar ətrafında fikir mübadiləsi aparılacaq.
Əsas məsələ Avropanın gələcəyidir. Avropa təhlükəsizliyinin gələcəyi və transatlantik təhlükəsizlikdə yükün bölüşdürülməsinə yenidən baxılması səyləri görüşün prioritet gündəliyi olacaq.
Mənbə: A haber
Tərcümə etdi: Aysel Mirzəyeva
